Əsas Səhifə > Güney Press > Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya:

Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya:


Dünən, 19:00
Sülhü gecikdirən tələblər, yoxsa geosiyasi eyforiya:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsi layihəsinin preambuladan və 17 maddədən ibarət olduğunu açıqlayıb və qeyd edib ki, Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb.
XİN rəhbəri deyir ki, Ermənistan Konstitusiyasının preambulasında ölkənin müstəqillik aktına istinad var və həmin akt Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur.
Məhz bu məqam Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlarını dalana dirəyən ən önəmli məqam hesab edilir. Bununla yanaşı digər bir maraqlı açıqlama ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. O bildirib ki, iki ölkənin səırhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatedici məsələdir və Ermənistanla Azərbaycan sərhədində Avropa İttifaqı missiyasının yerləşdirilməsinə lüzum yoxdur. Hikmət Hacıyev deyib ki, bu missiyanın fəaliyyəti artıq başa çatmalıdır.

Bakı və İrəvan arasında demək olar ki, hər şeyin razılaşdırıldığı ifadə edilsə də, göstərilərən iki məqam prosesin irəliləməsində əsas maneə kimi görünür. Bir müddət əvvəl isə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib ki, Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir.
Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmaması bölgədə yeni hərbi toqquşma ehtimallarını hər zaman qüvvədə saxlayır. Xüsusən də region ölkələrinin qlobal siyai güclərin müdaxiləsi üçün cazibə mərkəzi olması bu ehtimalları artıran əsas faktordur. Cənubi Qafqazda maraqları olan qüvvələrin sözdə uzlaşdırıcı, real müstəvidə isə ayırıcı hərəkətləri problemlərin həllində əsas əngələ çevrilib. Azərbaycan rəsmiləri xüsusən də Fransanın timsalında Qərbin Ermənistanı silahlandırmasını narahatedici sayırlar. Hər iki ölkənin 2025-ci il üçün nəzərdə tutulmuş müdafiə, təhlükəsizlik və hərbi büdcələrində əhəmiyyətli artımlar var. Bu da Azərbaycan və Ermənistanın mümkün hərbi toqquşma ehtimalını aktual edir.
Rəsmilər sülh açıqlamaları versələr də, görünən odur ki, Azərbaycan-Ermənistan sülh danışıqları istənilən təxribat fonunda real hərbi toqquşmaya çevrilə bilər.
Burada diqqət çəkən məqam Paşinyan hakimiyyətinin mövcud vəziyyəti dərk etmiş kimi görünməsidir. Bir müddət əvvəl Ermənistan baş naziri bildirmişdi ki, Ermənistanın SSRİ-nin tərkibində mövcud olan sərhədlərdən imtina etməsi suverenlikdən və dövlətçilikdən imtina etməsi deməkdir. Paşinyanın siyasi hiyləgərliyinin ifadəsi kimi qəbul edilən bu fikirlər onu sülhpərvər göstərsə də, reallıqla ziddiyyət təşkil edir. Çünki məhz onun rəhbərlik etdiyi ölkənin konstitusiyasının preambluasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası mövcuddur. Ermənistan bu reallıqları görməzdən gələrək sülh danışıqlarını sürətlə başa çatdırmaq istəyir. Təbii ki, geosiyasi dəyişikliklər fonunda Ermənistanın sülhə olan istəyi daha da şiddətlənib. Görünən odur ki, regional müstəvidə Rusiya və Türkiyə ilə qurulmuş strateji əməkdaşlıq Azərbaycanı Qərbin təhdidləri qarşısında sığortalayır. Belə olan təqdirdə rəsmi Bakının Ermənistanla sülhə tələsmək kimi bir məqsədi qalmır.
Millət vəkili Elman Nəsirov bildirib ki, Ermənistan Respublikasının baş naziri Paşinyan ilk baxışdan pozitiv görünən bəyanatla çıxış edərək deyib ki, yeni ilə qədər ölkəsi Azərbaycanla sülh müaviləsi imzalamağa hazırdır: "Ona görə ilk baxışdan pozitiv görünən deyirəm ki, Ermənistan tərəfi əsas fundamental məsələlərin adını çəkməkdən çəkinir. Azərbaycan tərəfi isə həm Prezident İlham Əliyevin timsalında, həm də xarici işlər naziri səviyyəsində bu məqamlara aydınlıq gətirib".

"O da bəllidir ki, Ermənistan ATƏT-in Minsk Qrupunun saxlanılmasının tərəfdarıdır. Minsk Qrupu sülh yaratmaq, münaqişəni həll etmək vəzifəsi daşıyırdı. Münaqişəni hərbi yolla həll etmişik, Minsk Qrupuna nə ehtiyac var? Aydın olur ki, o iki bəndi bilərəkdən ATƏT-in Minsk Qrupu üçün saxlayıblar. Ermənistan yenidən siyasi cığallıq və bulanıq suda balıq tutmaq taktikası ilə məşğuldur. Şərtlər yerinə yetirilməsə sülh olmayacaq. Sülh Ermənistana daha çox lazımdır. Biz onsuz da ərazi bütövlüyünü bərpa etmiş, suveren ölkəyik", millət vəkili bildirib.
Politoloq İlyas Hüseynov isə bildirir ki, sülh sazişi ilə bağlı mühüm irəliləyiş əldə edilib: "Ancaq hazırda bu irəliləyiş yekun sazişi imzalamaq üçün kifayət deyil. Çünki ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi və eyni zamanda Avropa İttifaqının bölgədəki mülki missiyasının Ermənistan ərazisini tərk etməsi rəsmi Bakı tərəfindən səsləndirilən tələblərdir".

"Hesab edirəm ki, sülh müqaviləsi imzalanacaqsa, Aİ missiyasının Ermənistan ərazisində qalmasına ehtiyac yoxdur. Çünki tərəflər bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməyəcək, təhlükəsizlik riskləri olmayacaq. Belə olan halda Aİ missiyası bölgəni avtomatik olaraq tərk etməlidir. Hazırkı reallıqlar göstərir ki, Ermənistan konstitusiyasını dəyişmək istəmir və bunda maraqlı deyil. Ermənistan konstitusional çərçivədə Azərbaycana qarşı iddialarını saxlamaq istəyir, regionda və dünyada hər hansı geosiyasi dəyişikliklərə ümid edir", politoloq fikirlərini yekunlaşdırıb.

Geri qayıt