Əsas Səhifə > Güney Press, Partiya > "34-35 yaşındakı insanla 25-29 yaşındakı bir deyil"

"34-35 yaşındakı insanla 25-29 yaşındakı bir deyil"


14-12-2024, 07:15
"34-35 yaşındakı insanla 25-29 yaşındakı bir deyil"
Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir.
Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.
Beləliklə, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, dəyişikliyə əsasən, həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar.
Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət də 30 yaşa qədər veriləcək. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunacaq və ehtiyata keçiriləcəklər.
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, yaş həddi çoxdan aşağı salınmalı idi. Onun sözlərinə görə, əvvəl müharibə vəziyyətində olduğumuz üçün belə qərarlar verə bilmirdik: “Hətta bəzi məsələlərdə gecikirik. Artıq hərbi qanunvericilik təkmilləşdirilməlidir. 18 yaşlı gəncin fiziki imkanları ilə 35 yaşındakı insanın imkanları eyni deyil. İnsanın müəyyən fiziki göstəriciləri var, onlar eyni gücə sahib deyil. Bu, insan üçün diskomfort vəziyyətdir. Ona görə də bizə peşəkar əsaslarla hərbi xidmətə çağırış həyata keçirmək lazımdır".

Hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Tural İrfan da atılan addımları zəruri hesab edir:

“Hərbi qanunvericilik sahəsində irəliləyiş və müasirləşmə, eyni zamanda müharibə vəziyyətindən çıxmış olmağımız əsgərliyin maksimum yaş həddinin azaldılmasını labüdləşdirirdi. Əslində bu, bir çox inkişaf etmiş ölkələrdə də belədir. Ancaq bizdə uzunmüddətli müharibə şəraitinin davam etməsi yaşın aşağı salınmasına imkan vermirdi. İndiki dövrdə Azərbaycan işğalda olan torpaqlarını azad edib. Lakin bu o demək deyil ki, daha hərbi xidmətə diqqət azalmalıdır. Əksinə, yaşın 30-a salınması ordumuzu daha çevik, daha gənc edəcək. Çünki 34-35 yaşındakı insanla 25-29 yaşındakı bir deyil. Fiziki güc, qavrama və çeviklik sarıdan gənclər daha önəmlidir. Ələlxüsus da fiziki imkanları geniş olan şəxsi heyətlə daha peşəkar ordu yetişdirmək mümkündür.
Hərbiyə, əsgəri xidmətə çağırış yaşının 18-30 yaş arasında olması ən mükəmməl yaş standartıdır. İnanıram ki, bu qanun tam yerində qəbul edilmiş qanundur və bunun sayəsində ordumuz daha da inkişaf edəcək, gəncləşəcək, müasirləşəcək”.
Geri qayıt