Əsas Səhifə > Güney Press, Partiya > Müxalifət Bakıda bu tarixi gözləyir
Müxalifət Bakıda bu tarixi gözləyir13-12-2024, 09:35 |
Əvvəllər Azərbaycanda ictimai-siyasi şəxslər bu və ya digər səbəbdən həbs edildikdə müxalifət partiyaları toplaşaraq iclaslar keçirir, müzakirələr aparırdılar. Həbsdəki şəxsin hüquqlarını müdafiə komitəsi yaradılır, mətbuat konfransı, aksiyalar və s. tədbirlər keçirilirdi. Lakin son vaxtlar analoji hal təkrarlanmır. Bunun səbəbi nədir? Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı isə məsələyə belə münasibət bildirib: “Əvvəllər siyasi situasiya, yanaşma başqa idi. QHT, partiya, media münasibətləri fərqli formalaşmışdı. İnsanlar bəzi sahələrdə daha məlumatsız , bəzilərində isə əksinə idi. Görünür, bir çox partiyalar öz proqramı, xətti üzrə hərəkət edir. Bundan kənar baş verən hadisələr naminə bir araya gəlmək marağında deyillər. Bu həm də partiyaların bir-birindən çox ayrı düşməsindən irəli gəlir. Burada partiyaların və ya hüquq müdafiəçilərinin bağlı olduqları, əməkdaşlıq etdikləri təşkilatların maraqları da əsas götürülür. AĞ Partiya olaraq bir çox hallarda siyasi məhbus hesab etdiyimiz hər kəsin müdafiəsində aktiv iştirak edirdik. Müdafiə komitələri yaradıb, bəyanatlar verirdik. Lakin son zamanlar vəziyyət o qədər qarışıq olub ki, artıq kimin haqlı, kimin haqsız olduğu bilinmir. Çünki tanıdığımız insanlar barədə elə sübutlar göstərilir ki, onların qanunazidd əməllərinin olduğu ortaya çıxır. Bu da müdafiə məsələlərinə mane olur. Ona görə də hər həbs olunana reaksiya verə bilmirik. Ədalətli məhkəmənin, ədalətli istintaq prosesinin olmasının tərəfdarıyıq. Tələskən reaksiya vermirik”. Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı deyib ki, siyasi məhbusları müdafiə işi əvvəlki illərə nisbətən indi zəif təşkil olunur: “Belə toplantıların tamamilə olmadığını iddia etmək də düzgün deyil. Yaxın vaxtlarda Müsavat Partiyasının qərargahında siyasi məhbus ailələrinin iştirakı ilə mətbuat konfransı, bu mövzuya həsr olunmuş toplantı keçirildi. Burada hüquq müdafiə təşkilatlarının nümayəndələri, jurnalistlər, siyasi məhbusların ailələri iştirak edirdilər. Təbii ki, bu yetərli deyil. Siyasi məhbusların daha ciddi müdafiəsinə ehtiyac var. Prosesin bu şəkildə getməsinin səbəblərindən biri də cəmiyyətdə hər hansı hərəkətliliyə hakimiyyət tərəfindən icazə verilməməsi və ən sadə siyasi addımların hakimiyyət tərəfindən ciddi şəkildə təqib olunması, belə toplantıların və müdafiə işinin təşkilində xeyli problemlərin olmasıdır”. Arif Hacılı hakimiyyətə təklif verib: “31 dekabr siyasi məhbusların və həbsxanada olan bir çox şəxslərin azadlığa buraxılması üçün ciddi fürsətlərdən biridir. Çünki həmin gün yalnız yeni təqvim ilinin gəlişi ilə əlamətdar deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Hakimiyyət əfv fərmanı imzalaya, amnistiya qəbul edə bilər”. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, belə tədbirlər əvvəllər təşkil olunurdu: “İndi belə məsələlərlə bağlı yığışmırıq. Müxalifət arasında da müəyyən problemlər var. Həm də belə iclasların heç bir əhəmiyyəti yoxdur. Bununla ictimai-siyasi mühitə təsir etmək mümkün deyil. Müxalifət nailiyyətsizlik sindromu yaşayıb. Apardığı mübarizə nəticəsində sonda heç nəyə nail olmayıb. Ona görə də belə addımların heç bir mənası qalmır. Bizim apardığımız mübarizə faktiki olaraq demokratik mübarizədir. Amma Azərbaycanda onun şərtlərinin heç biri yoxdur”. Geri qayıt |