Əsas Səhifə > Güney Press, Partiya > "Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı"
"Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı"11-12-2024, 08:21 |
Avropa Birliyinin 13-14 nəfərdən ibarət monitorinq missiyasının əməliyyat mərkəzi daimi olaraq Cermukda yerləşir. Onlar sürücülər və köməkçilərlə birlikdə Cermukda qonaqlar üçün bağlı olan üçulduzlu “Ani” hotelində qalıblar. "Hraparak" nəşri məlumat yayıb ki, müşahidəçilər demək olar ki, hər gün rayonu gəzir, sərhədə gedir, bir neçə kilometr məsafədən vəziyyəti müşahidə edirlər: “Avropalı müşahidəçilər yerli administrasiya ilə demək olar ki, əlaqə saxlamırlar: heç bir məlumat tələb etmirlər, onlara heç nə vermirlər və onların nə etdiklərini heç kim bilmir". Bununla belə qəzetin yazdığına görə, avropalı müşahidəçilərin gəlişi Cermuk sakinlərini çox sevindirib: "Onlar özlərini qorunmuş hiss edirlər. Cermuk sakinləri 2022-ci ildən sonra Azərbaycan tərəfdən hücumun olmamasını müşahidəçilərin olması ilə əlaqələndirir və onların qalmasını istəyirlər. Müşahidəçilər tez-tez küçəyə çıxır, Cermuk sakinləri ilə ünsiyyət qurur və insanların onlarla necə davranması ilə maraqlanırlar". Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Felmar Ələkbərli "Sherg.az"a deyib ki, Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bildirib. Onun sözlərinə görə, Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratoru Fransa nümayəndəsidir: "Digər əməkdaşların isə istefada olan hərbçilər və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılardır. Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı. Aİ missiyasının əsas məqsədi hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır. Tərkibin yenidən genişləndirilməsi birbaşa Rusiya və İrana qarşı yönəlmiş addımdır. Bu missiya Aİ-nin deyil, NATO-nun missiyasına çevrilir. Prosesdə Kanadanın və ABŞ-nin iştirakı da qeyd edilənləri təsdiqləyir. Belə vəziyyətdə missiya Azərbaycan və Ermənistanın kövrək sülh danışıqları prosesinə mane olur. Görünən odur ki, rəsmi Qərb Ermənistanda möhkəmlənmək üçün bu missiyadan istifadə edir. Avropa İttifaqınnın mülki missiyası bölgəyə gəldiyi gündən indiyə qədər əsas hədəfi Rusiyaya qarşı yönəlib". Ekspertə görə, Rusiya bu gün də maraqlıdır ki, həm Azərbaycanla sərhəddə, həm də Zəngəzur dəhlizi boyunca məhz rus sərhədçiləri dayansın: "Bu isə Qərbin və Ermənistanın maraqlarına tam ziddir. Ona görə də bu istiqamətdə əməli addımlar atmağa məcburdurlar. Rusiya KTMT qüvvələrinin bölgəyə, xüsusilə də sərhəddə yerləşdirilməsində olduqca maraqlıdır. Bu hal da Qərbin marağına uyğun deyil. Görünür, Aİ bu məsələdə Rusiyaya güzəştə getmək fikrində deyil. Ermənistan və Qərb sərhəd məsələsində Rusiyanın iştirakını tamamilə minimal səviyyəyə salmaq istəyirlər. Baş verən proseslərin Ermənistan və Rusiya arasında sərhədə nəzarətin kim tərəfindən icra ediləcəyi sualını ortaya çıxarmış olur. Bu məsələ Azərbaycanın da marağındadır ki, Ermənistanla sərhəddə məhz erməni sərhədçiləri dayansın, nəinki Aİ mülki missiyası və ya Rusiya sərhədçiləri". Geri qayıt |