Əsas Səhifə > Güney Press, Partiya > "Beynəlxalq müşahidəçilikdən vacibi budur"
"Beynəlxalq müşahidəçilikdən vacibi budur"6-12-2024, 09:01 |
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bələdiyyə seçkilərinə heç bir beynəlxalq müşahidəçi dəvət edilməyəcəyi haqda dedikləri müzakirə mövzusuna çevrilib. MSK sədri bildirib ki, bələdiyyə seçkiləri daxili məsələdir: “Kim müraciət etsə, biz qəbul edəcəyik, amma müşahidəçi dəvət etməyəcəyik”. Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov “Turan”a bildirib ki, bələdiyyə seçkilərinə beynəlxalq aləmdə də çox ciddi səviyyədə maraq olmur: “Təbii ki, prezident seçkisinə, parlament seçkilərinə beynəlxalq reaksiya, beynəlxalq təşkilatların həmin prosesi diqqətlə müşahidə etməsi anlaşılandır. Amma bələdiyyə seçkilərinin müşahidəsində beynəlxalq təşkilatlar hətta ayrı-ayrı illərdə iştirak etsələr də, onlar üçün bu, xüsusi maraq doğurmayıb, ciddi fəallıqları da olmayıb”. E.Nəsirovun fikrincə, bu baxımından, MSK sədri M.Pənahovun fikri doğrudur: “Hər şey müqayisədə ortaya çıxır. Əgər beynəlxalq müşahidəçilər xüsusi maraqla bu prosesə qatılmaq istəsələr, onda biz tərəfdən də analoji addımlarımızın atılması məntiqlidir”. REAL sədri Natiq Cəfərli bundan əvvəl bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər olduğunu deyib: “Məgər parlament və prezident seçkiləri ölkənin daxili seçkiləri deyilmi? Bu mənada həmin seçkilərlə bələdiyyə seçkiləri arasında fərq yoxdur. O biri seçkilərə beynəlxalq müşahidəçilər dəvət olunursa, deməli, bələdiyyə seçkilərinə də onları dəvət etmək lazım idi”. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da bildirib ki, MSK sədrinin açıqlaması təəccüb doğurur: “Ötən bələdiyyə seçkilərində 15 ölkəyə, o cümlədən Avropa Şurasının Yerli və Regional Hökumətlər Konqresinə müşahidəçilik üçün dəvət göndərilmişdi. Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyib. Düşünürəm ki, Avropa Şurasının sözügedən konqresinə dəvət göndərilmədiyinə görə digər ölkələrə də dəvəti göndərməyi məqsədəuyğun hesab etmədilər”. Bəs vacibdirmi beynəlxalq müşahidəçilərin gəlməsi? MDB-nin belə dəvət edilməməsi nə ilə bağlıdır? Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, bələdiyyə seçkilərində xarici müşahidəçilərin iştirak edib-etməyəcəkləri ilə bağlı məlumata malik deyil: “Xarici müşahidəçilərin dəvət edilməsi Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Beynəlxalq müşahidəçilərin özlərinin iştirakla bağlı təşəbbüslərinin olub-olmadığı barədə isə məlumatsızam. Ən əsası yüksək səviyyədə, sakitlik və əmin-amanlıq şəraitində, azad, ədalətli seçki keçirməliyik. Beynəlxalq müşahidəçilikdən vacibi budur. Hər halda, MSK-nın da mövqeyində bu məqsəd rolunu oynayıb. Bələdiyyələr dünyanın hər yerində seçkili yerli özünüidarəetmə orqanı kimi qəbul olunur. Çox istərdim ki, bu seçkilərdə bələdiyyələrin fəaliyyətini canlandıra biləcək, vətəndaşlarımıza ləyaqətlə xidmət edəcək, təşəbbüskar namizədlər qalib gəlsin”. Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirdi ki, ölkədə keçirilən bütün seçkilərə beynəlxalq və yerli müşahidəçilər cəlb edilib. Azərbaycanda sonuncu seçkilər də şəffaf şəkildə keçirilib: “Düzdür, heç bir seçki ideal deyil. Müəyyən problemlər olur. Amma biz görürük ki, xırda problemləri bəzi beynəlxalq təşkilatlar şişirdib süni şəkildə Azərbaycana qarşı əsassız təzyiq alətinə çevirməyə çalışırlar. Bəzi beynəlxalq təşkilatların müşahidəçiləri bəzən özünü burada müşahidəçi kimi deyil, tərəf kimi göstərirlər. Halbuki müşahidəçi tərəfkeşlik etməməli, qızışdırıcı mövqedə olmamalıdır. Azərbaycana qarşı Qərbin bir sıra təşkilatları əsassız iddialar ortaya qoyur. Xalqın iradəsinə zidd olaraq seçkiyə mənfi rəy verilir. Təcrübə göstərir ki, o cür beynəlxalq təşkilatların müşahidə missiyalarının seçkini izləməməsi daha məqsədəuyğundur. Çünki seçkinin necə keçməsindən asılı olmayaraq onlar obyektivlik nümayiş etdirəsi deyillər. Bəzi beynəlxalq təşkilatlar seçkiləri ölkələrdə qarışıqlıq yaratmaq fürsəti sayırlar. Biz seçkimizi keçiririk, o cür təşkilatlara isə fürsət verməyə ehtiyac yoxdur. Amma obyektiv şəkildə seçkini yüksək qiymətləndirən təşkilatlar da var. Sonuncu parlament seçkilərində Avropa Şurası istisna olmaqla, ATƏT və MDB müşahidəçiləri dəvət edildi. Parlament seçkilərində gördük ki, bəzi təşkilatlar əvvəlcədən hesabatlar hazırlamışdı. Seçkini müşahidə etmədən ittiham dolu bəyanatlar verdilər. Ola bilsin ki, həm də buna görə bu dəfə heç bir beynəlxalq və regional müşahidəçilər dəvət olunmadı. MDB müşahidə missiyasına gəlincə, görünür, onları buna görə dəvət etmədilər ki, əgər onlara dəvət göndərilsəydi, ATƏT və digər beynəlxalq təşkilatları da dəvət etmək lazım olacaqdı. Ona görə də balans saxlanılıdı deyə bilərik. Beynəlxalq təşkilatlar öz yanaşmalarında obyektiv olsalar, Azərbaycan hamısını dəvət edərdi. Azərbaycan istəyir ki, seçkidə qərəzli mövqe olmasın, obyektiv olaraq mövqe və hesabatlar olsun. Bunu isə bir sıra beynəlxalq təşkilatlar etmir. Azərbaycanda bələdiyyə seçkilərində Milli Cəbhə Partiyası olaraq iştirak edəcəyik. Düşünürəm normal bir seçki olacaq. Seçkinin müşahidəçiliyini seçkidə iştirak edən təşkilatlar və namizədlər özləri həyata keçirərlər”. Geri qayıt |