Əsas Səhifə > Güney Press, Partiya > " Dərhal SOS deməkdən çəkinməyin!"

" Dərhal SOS deməkdən çəkinməyin!"


1-12-2024, 10:32
" Dərhal SOS deməkdən çəkinməyin!"
"Dünyada uşaqlar arasında yeni bir tendensiya, submədəniyyət genişlənməkdədir. Onlar özlərini Furri yaxud Kvadrober adlandırır".

Musavat.com bildirir ki, bu sözlər "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

QHT sədri həyəcan təbili çalaraq, qeyd edib:

"Furrilər antropomorfik heyvanların pərəstişkarıdır. Bu o deməkdir ki, hətta kostyumda da özlərini adam kimi aparırlar: hürmürlər, dişləmirlər, dörd ayaq üstə gəzmirlər və it qabından yemək yemirlər. Kvadrobikalar isə özlərini fərqli aparır. Onun ixtiraçısı Meymun Adam ləqəbli yapon Keniçi İtodur. Valideynlər, əgər bu submədəniyyət daşıyıcısı elementinə çevrilmək istəyən uşaqlarınızın davranışında belə elementlər gördüyünüz halda dərhal, psixoloqa müraciət edin!
Bir çox ölkələr artıq dövlət qurumlarının bu məsələyə müdaxiləsinə ehtiyac duyur.
Ölkəmizə belə səfeh mədəniyyətin daxil olmasının qarşısını almaqda valideynlər daha aktiv reaksiya verməlidirlər. Bunu əyləncə, keçici bir həvəs kimi qiymətləndirməyin. Dərhal SOS deməkdən çəkinməyin!"

Qeyd edək ki, "Furri" və "Kvadrober" sözləri fərqli mədəniyyətlərdən və internet subkulturalarından gəlir.

1. Furri: Furri, heyvan xüsusiyyətləri ilə insan xüsusiyyətlərini birləşdirən personajlarla maraqlanan bir subkulturanın üzvlərinə deyilir. Furri icması antropomorfik heyvanları (insan xüsusiyyətlərinə malik heyvanlar, məsələn, danışmaq, geyinmək və ya ayaq üstə gəzmək) sevən və yaradan insanlardan ibarətdir. Furri fanatları tez-tez özlərini bu tip personajlarla tanış edir, belə obrazlar yaradır və ya onlarla bağlı sənət və ya kostyumlarla maraqlanır.

2. Kvadrober: Bu termin ümumiyyətlə dörd ayaqlı canlılara aiddir. Furri icmasında və ya heyvanlarla bağlı sənətlərdə "kvadrober" bəzən iki ayaqlı (antropomorfik) obrazlardan fərqli olaraq, dörd ayaqlı heyvan kimi davranan və ya belə təsvir edilən personajları ifadə edə bilər.

Mütəxəssislər qeyd edir ki, uşaqların özlərini "Furri" və ya "Kvadrober" adlandırması təhlükəli deyil, lakin uşağın bu maraqları nə dərəcədə və hansı şəraitdə yaşadığı önəmlidir.

Furri subkulturası böyük ölçüdə onlayn platformalarda yayılıb. İnternet mühitində, xüsusilə yetkinlik yaşına çatmamış uşaqlar üçün təhlükəli ola biləcək bəzi şəxslərlə qarşılaşma riski var. Valideynlər uşaqların hansı forum və icmalarda iştirak etdiyini izləməlidir.

Bu maraqlar, əgər yaradıcılıq, incəsənət və ya sosial əlaqələr vasitəsilə inkişaf edirsə, uşağın psixoloji inkişafına zərər vermir. Lakin bu maraqlar uşağın özünə qapanmasına və ya sosial təcrid olunmasına səbəb olarsa, bu narahatlıq doğura bilər.

Əgər uşaq özünü "kvadrober" kimi görürsə, bu, onun öz şəxsiyyəti ilə bağlı müəyyən suallar və ya təcrübələr yaşadığını göstərə bilər. Bu, yeniyetmə dövründə normaldır, lakin ciddi narahatlıq varsa, mütəxəssis dəstəyinə ehtiyac yaranır.
Geri qayıt