Əsas Səhifə > Güney Press, Partiya > Ev verildiyi deyilən deputat DANIŞDI:
Ev verildiyi deyilən deputat DANIŞDI:30-11-2024, 09:59 |
Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib. Belə ki, Bakıda evi olmayan bəzi deputatlara mənzillər təqdim edilib. Mənzillə təmin olunan sabiq deputatlardan biri Etibar Əliyevdir. O, mediaya açıqlamasında məlumatı təsdiq edib. Sabiq deputat yaşadığı mənzil dar olduğu üçün Prezidentə müraciət etdiyini bildirib: "Prezident mənim müraciətimi nəzərə alıb və Nizami rayonunda 3 otaqlı mənzillə təmin olundum. İndi kitabxanamı daha da genişləndirmişəm. Prezidentə təşəkkür edirəm". Sosial şəbəkələrdə və mediada yayılan iddialara görə, Milli Məclisin Şəkidən olan deputatı Vüqar İskəndərova da mənzil verilib. İlk dəfə 2020-ci ildə deputat seçilən siyasətçi bu ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində də mandat qazanıb. İddialara görə, deputata da üçotaqlı mənzil hədiyyə olunub. Modern.az məsələni dəqiqləşdirmək üçün Vüqar İskəndərovla əlaqə saxlayıb. Deputat açıqlamasında iddiaları təkzib edib. O deyib ki, hələlik ona mənzil verilməyib və Bakıda kirayə qalır: "Eşitdiyimə görə VI çağırışda bir neçə həmkarıma mənzil verilib. Mənə də ev verildiyi ilə bağlı məlumat isə yanlışdır. 2020-ci ildə deputat seçilib, Bakı şəhərinə köçəndən sonra ailəmlə kirayədə yaşayıram. Hələlik mənə mənzil verilməyib. Kirayə haqqı verilir. Mənə mənzil verildikdə bunu gizlətməyəcəm. Məlumatı ilk olaraq sizə verə bilərəm. Hətta sizi həmin evə dəvət də edə bilərəm". Deputat ev verilən həmkarlarına isə yeni evlərində cansağlığı ilə yaşamağı arzu edib. Xatırladaq ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər. Sözügedən qanunun 26-cı maddəsində deyilir: “Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir”. Geri qayıt |