Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > AZAL-la bağlı böyük MÜƏMMA

AZAL-la bağlı böyük MÜƏMMA


7-04-2023, 12:22
AZAL-la bağlı böyük MÜƏMMA
"Azərbaycan Hava Yolları" (AZAL) QSC ölkədə nadir şirkətlərdəndir ki, onun illik gəlirləri 1 milyard manatın üzərindədır”.

Bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsinin alınması ilə bağlı dünən Bakıda keçirilən imzalanma mərasimində deyib.

Qeyd edək ki, “wikipedia.org”saytında AZAL-ın maliyyə vəziyyəti ilə bağlı məlumatlar öz əksini tapıb:

AZAL-la bağlı böyük MÜƏMMA

“AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir. Hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətin ziyanının 1999-cu il ilə 2013-cü il arasında 500 milyon manata çatdığı açıqlanıb. "AZAL" QSC 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda aviaşirkətin 1996–1998-ci illərdə çox böyük mənfəətlə işlədiyi bildirilib. 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. 2008-ci ildə sərnişin daşımalarından 203 milyon 887 min gəlir əldə edən şirkətin ziyanı 11,3 milyon manat olub. 2009-cu ildə şirkət 254 milyon 247 min manat gəliri müqabilində ili 98,8 milyon manat, 2010-cu ildə 252 milyon 175 min manat gəlir müqabilində 119,8 mln manat ziyanla başa vurub. 2011-ci ildə ziyan bir qədər azalsa da, kifayət qədər böyük olub – 63 milyon manat. 2012-ci ildə isə bu rəqəm 33,2 milyon manata düşüb. Qəribədir ki, AZAL-ın sərnişindaşımaları artdıqca ziyanı daha da böyüyüb. Belə ki, 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda aviaşirkət 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə rekord səviyyəydə-1 milyon 600 min nəfər sərnişin daşındığı halda aviaşirkət böyük ziyan edib”.

Onu da qeyd edək ki, pandemiya dövründə, yəni 2020-ci ildə AZAL-ın zərəri 76,415 milyon manat təşkil edib. Müqayisə üçün xatırladaq ki, 2019-cu ildə şirkətin 78,77 milyon manat zərəri olub. AZAL pandemiya dövründə zərərini təxminən 2,3 milyon manat azalda bilib. Əvvəlki dövrlərdə də AZAL-ın “siyasəti” dəyişməyib. Məsələn, AZAL 2017-ci ildə 173 milyon 527 min 500 manat zərər edib. "Azərbaycan Hava Yolları" (AZAL, “BUTA”) 2018-ci ildə də ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb. 2019-cu ili isə AZAL 78 milyon 770 min manat zərərlə başa vurub. 2020-ci ildə isə şirkətin zərəri 76 milyon 415 min manat olub. Bu fonda isə 2020-ci ildə pandemiyaya görə dövlət büdcəsindən AZAL-a ayrılan subsidiyanın məbləği 232,082 milyon manat olub.

2021-ci ildə isə AZAL-ın ümumi zərəri 1,7 milyard manatı keçib. Hesabatda 2020-ci il də nəzərə alınıb. Yəni 1,7 milyard manatlıq zərər 2 ilə şamil edilib.

2022-ci illə bağlı da vəziyyət ürəkaçan deyil. 2022-ci il təzə başa çatdığı üçün hələlik rəsmi illik hesabat açıqlanmayıb. Amma ilkin hesablamalara görə, AZAL 2022-ci ili 700 milyon manat zərərlə başa vurub. Bu isə o deməkdir ki, AZAL son 3 ildə 2,4 milyard manat (1.4 milyard dollar) zərər edib.

AZAL təyyarə biletlərinin bahalığının bir səbəbini də zərərlə əlaqələndirir. Maraqlıdır, bu qədər zərərlə işləyən şirkət illik gəlirləri birdən-birə 1 milyard manatın üzərində olan nadir şirkətlərdən biridir? diaaz.space-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”-ə bildirib ki, əslində gəlir və mənfəət fərqli anlayışlardır:

“Azərbaycanda dövlət və hökumət məmurları bu məsələni bilmirlər. Şirkət gəlirlə işləyə bilər, mənfəəti olmaz. Yəni xərcləri daha çox üstələyə bilər. Şirkət daha çox pul qazanır, ancaq xərcləri gəlirlərindən daha çox olur. AZAL-da hər zaman belə olub. Yəni dövlətdən buna görə də dotasiyalar alıb.

Ən son dotasiya kimi 2020, 2021-ci illərdə, pandemiya dövrünə görə ən çox dotasiya alan da məhz AZAL oldu. Onlar mənfəətlə işləsəydi, dotasiyaya ehtiyac qalmazdı. Ola bilər ki, AZAL-ın gəliri xərcindən həmişə az olur. Ona görə də AZAL-ın idarəetməsi ilə bağlı ciddi islahatlara ehtiyac var. Daim AZAL-ın rəhbərliyi rəsmi sənədlərdə xərci həddindən artıq yüksək göstəriblər. İndi zəhmət çəkib hökumət məmurları bunu izah etsin ki, şirkət gəlir əldə edir, ancaq mənfəət əldə edə bilmir. Gəlir əldə etsə də, xərcləri daha çox olur. Xərcləri hansı istiqamətdə olur, nəyə görə xərc bu qədər yüksəldilir? Rəsmi sənədlərə görə AZAL son illər daim zərərlə işləyib. Ona görə də bu bəyanat ümumi söz yığınıdır. Bunu detallı şəkildə rəqəmlərlə, iqtisad elminə uyğun olaraq, gəlir və mənfəət fərqini izah etməklə ictimaiyyətə açıqlasalar, daha doğru olar”.

Geri qayıt