Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB?
Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB?29-06-2022, 12:40 |
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Əvvəli BURADA: Texniki Universitetdə NAQOLAY İŞLƏR... - İLGİNC İDDİALAR... DİA.AZ müraciətin davamını təqdim edir: "Adətən, texnika sahəsində magistr dissertasiyaları 3 fəsildən, bəzən isə 4 fəsildən ibarət olur. Dissertasiyanın 1-ci fəslində tədqiq olunan mövzu ilə bağlı problemin müasir vəziyyəti, bu haqda aparılmış tədqiqatların vəziyyəti, çap olunmuş elmi işlər öyrənilir və dissertasiyada tədqiq ediləcək məsələlərin dairəsi müəyyən edilir və məqsədi qarşıya qoyulur. Sonrakı 1 və ya iki fəsil aparılacaq tədqiqatın metodikasına və s., eləcə də tədqiqatın özünə həsr edilir. Bundan sonra, ya həmin fəsildə, ya da ayrıca fəsildə alınmış nəticələr təqdim edilir. Rektorun verilən göstərişində deyilir ki, dissertasiya 5 magistrant arasında bölünəcək – guya ki, onlardan hər biri işin bir hissəsini yerinə yetirib və onları bir yerə toplayanda vahid dissertasiya alınacaq. Yəni tələbənin birinin dissertasiyasında 1-ci fəsil, digərində 2-ci, digərində 3-cü fəsil verilir. Müdafiə zamanı da onlardan hərəsi öz fəslini məruzə edir. Bəs fəsillərin sayı 5-dən az olarsa, onda necə? Onda bir fəsil bir neçə magistrant arasında bölünür. Texnika sahəsində magistr dissertasiyalarının həcmi adətən 60-125 səhifə civarında olur. İndi isə yeni göstəriş əsasında həmin həcm 5 yerə bölünərək, hər tələbənin dissertasiyası 15-25 səhifə həcmində cildlənir və bu natamam, yarımçıq materiala “dissertasiya” deyirlər. Yəni dissertasiyanın beşdə biri də hər biri bir dissertasiya hesab edilir. Bunların beşini bir yerə toplayanda isə bir normal dissertasiya olur, yəni indi dəbdə olan deyimlə desək, BEŞİ BİRİNDƏ DİSSERTASİYA! Sağlam təfəkkürlü insanın məntiqinə əsaslanaraq, demək olar ki, bunlar beşi birlikdə bir dissertasiya olduğundan, bunların bir yerdə toplanmışına da BİR MAGİSTR DİPLOMU verilməlidir, hər 15-25 səhifəlik yarımçıq material ayrıca dissertasiya deyil ki, onların hər birinə də bir diplom verilsin. İndi AzTU-da bəziləri tam ciddiyyətlə deyirlər ki, belə də olacaq, 5 nəfərə bir diplom veriləcək və orada 5 nəfərin adı yazılacaq. Bəs diplomu alan 5 nəfər həyatda bir-birindən ayrı düşdükdə bu MÜŞTƏRƏK DİPLOMDAN necə istifadə edəcəklər? Bax, budur problem! Bunu magistrantlar özləri düşünsünlər. Yəqin ki, bizim kommunikasiya vasitələri və internet dövründə bu, elə bir çətin iş olmaz. Gülməlidir? Həm də ağlamalıdır. Yəni tragikomediyadır (Sərgüzəşti Texniki Universiteti magistr dissertasiyası). Vilayət Vəliyev bu bədbəxt Azərbaycan Texniki Universitetinə rektor təyin ediləndən belə tragikomediyalar çox olub və bunların bəzilərini də biz ictimaiyyətin diqqətinə çatdırmışıq. Məlumdur ki, bütün magistr dissertasiyaları müdafiədən əvvəl antiplagiat kompyuter proqramı vasitəsilə oxşarlığa, digər dissertasiyalardan mənimsəmələrin olub-olmamasına yoxlanılırlar. Oxşarlıq 5%-dən artıq olarsa, dissertasiya müdafiəyə buraxılmır. Bəs hətta adları da eyni olan dissertasiyalarla antiplagiat yoxlaması necə olacaq? Yəqin ki, rektor V.Vəliyev öz “dərin iqtisadçı zəkası” ilə bu problemin də həllini tapacaq. İndi isə məsələnin hüquqi tərəfinə baxaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır: 3.1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir. Bəli, Əsasnamədə göstərildiyi kimi, magistrlik dissertasiyası magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir, daha hissə-hissə bölünmüş, QRUP HALINDA YOX. Bundan əlavə, burada dissertasiyadan söhbət gedir, dissertasiya isə TAMAMLANMIŞ elmi-tədqiqat işi olmalıdır, daha işin bir hissəsi yox. Bundan əlavə başqa suallar da meydana gəlir. Məsələn, dissertasiya müdafiəsində həmin 5 nəfərin işi necə qiymətləndiriləcək, onlara necə qiymət veriləcək? Axı həmin 5 nəfərin hamısı bir səviyyədə ola bilməz. Bir nəfər işləyəcək, qalanları onun hesabına hazır iş müdafiə edəcək? Başqa suallar da yaranır, bunu çox uzatmaq olar, ancaq məsələnin absurdluğu göz qabağındadır. Bir məsələni də qeyd edək. V.Vəliyev tez-tez təkrar edir ki, magistrantlar dissertasiya mövzusunu onların işlədikləri müəssisəyə uyğun, həmin müəssisənin problemlərini həll etmək istiqamətində götürsünlər. Gözəl fikirdir. Amma, bəlkə V.Vəliyev elə bilir ki, onun magistrantları Boeing, ya Microsoft şirkətində, ya da heç olmazsa, hansısa konstruktor bürosunda işləyirlər? Onun məlumu olsun ki, bizim tələbələrimizin əksəriyyəti çayxanada çay paylayan, şadlıq sarayında ofisiant, ya da haradasa gözətçi işləyirlər (onlardan çox-çox üzr istəyirik, tələbə üçün, tələbəlik dövründə bu ayıb deyil). Bundan əlavə, qanunla əyani şöbədə təhsil alan tələbə ümumiyyətlə işləməməlidir, əgər işləyirsə, bu, əlbəttə qeyri rəsmidir və onun öz işidir". DAVAMI VAR... İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |