Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Arzu Rəhimovun işləri "yaşdır"...

Arzu Rəhimovun işləri "yaşdır"...


27-07-2020, 10:33
Arzu Rəhimovun işləri "yaşdır"...
DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a etibarlı mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, yaxın vaxtlarda dəyişikliklə bağlı qərar rəsmən elan olunacaq və hazırda sözügedən xidmətə rəhbərlik edən Arzu Rəhimov işindən atılacaq.

Mənbə diaaz.space-a açıqlamasında bunu belə izah edir.: "Zatən Arzu Rəhimov kifayət qədər qalmaqallı bir fiqurdur. Hətta DSX-dan sonra SHXÇDX-də də xüsusi xidmət orqanlarının əməliyyat keçirəcəyi haqda da informasiyalar yerli KİV-də yayılmışdı. Son olay isə Arzu Rəhimovun məsələsini birdəfəlik həll etdi".

Xatırladaq ki, Aruz Rəhimov əsas olaraq Tovuz döyüşləri ərəfəsində Prezidentə yalan informasiya ötürməkdə ittiham olunur. Belə ki, onun döyüşlər zamanı ilk olaraq cəmi 150 nəfərin səfərbərlik idarələrinə müraciət etdiyini söyləməsi konkret dəlillərlə inkar olunmuşdu. Videofaktlardan da aydın olurdu ki, Prezidentə bu məlumatın verilməsindən elə bir gün əvvəl təkcə Sumqayıt şəhərində 4 minə yaxın gəncimiz səfərbərlik üçün müraciət etmişdi. Lakin bu fakt nədənsə Arzu Rəhimov tərəfindən görməzlikdən gəlindi ki, bu da sosial şəbəkələrdə ciddi qınaqla qarşılandı.

Məhz bu məqamı xatırladan mənbə iddia edir ki, Arzu Rəhimov qeyd olunan səbəblər və digər işlərlə əlaqədar yaxın vaxtlarda görəvdən alınacaq.

Qeyd edək ki, Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirmişdir.

1986-1989-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.

1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlmişdir.

2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışmışdır.

2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini–Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə «general-mayor» ali hərbi rütbəsinə layiq görülmüşdür.

2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmışdır.

2010-cu ilin 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 813 saylı Sərəncamına əsasən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan, rus dillərini mükəmməl bilir.

Xidmət etdiyi dövrdə 20-dən artıq dövlət mükafatı və medallarla təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

Ailəlidir, iki övladı var.

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt