
Millət vəkili Tənzilə Rüstəmxanlı Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Tənzilə xanım, müsahibə üçün zəng edəndə Türkiyədəydiniz. Səfərinizin məqsədi nəydi?
- Məqsəd Qərbi Azərbaycana ləyaqətlə qayıdış konsepsiyası ilə bağlı keçirilən görüşlərdə iştirak idi. Bu ilin may ayında paytaxt Ankarada Qərbi Azərbaycana qayıdışla bağlı geniş bir simpozium keçiriləcək. 20-ci əsrin əvvəllərində Qərbi Azərbaycandan köç başlayanda insanlarımız ən çox Türkiyəyə, ordan da Avropaya adlayıblar.
1950-ci illərdən sonra isə Türkiyədən Avropaya köç başlayıb, Qarsdan, Iğdırdan Avropaya gedənlərin çoxu isə qərbi azərbaycanlılar idi. Onların içərisində mənim qohumlarım da var. Ümumiyyətlə, Bursada, Muşda, Amasiyada çox qohumlarım yaşayır. Mən özüm Amasiyada doğulmuşam. 1950-ci ilə qədər Avropaya getmiş nəslin çoxu yaşlaşıb, o nəsil tamam yox olmadan biz işlərimizi sürətləndirməliyik.
Həmin nəslin nümayəndələrindən çoxu Türkiyədə sənət, mədəniyyət, elm sahəsində məşhur isimlərdir. Biz onların da dəstəyi ilə Qərbi Azərbaycana qayıdışı, o insanların mədəniyyətini, dağıdılmış mədəni irsini, adət-ənənəsini yenidən gündəmə gətirmək istəyirik.
- Dediniz ki, qərbi azərbaycanlılar Türkiyəyə, ordan da Avropaya gedirdilər. Türkiyədən miqrasiyanın xüsusi səbəbi vardımı?
- Səbəb iqtisadi vəziyyətiydi. Mənim atamın dayısı-xalası uşaqları hamısı orada anadan olub. Onlar Avropaya daha yaxşı güzaran üçün gediblər. Azərbaycan müstəqilliyini qazananda elm adamları Avropaya, Kanadaya niyə axın etdilər? Çünki hamıda Avropa heyranlığı var idi. İndi bu tendensiya yoxdur. Çünki ölkəmiz Avropanın bir çox dövlətlərindən daha yaxşı durumdadır.
Qarsdan niyə getməsinlər ki? Orada həyat şəraiti, doğrudan, çox ağırdır. Mənim doğulub böyüdüyüm yerlərlə bizi tikanlı məftillər ayırırdı. Yadımdadır, nənəm əlimdən tutub məni sərhədə gətirər, ordan da Qarsın kəndlərini göstərərdi. Xüsusən yaz vaxtı ot biçiləndə... Ağlaya-ağlaya ora baxıb bayatı deyərdi. Çünki bütün nəsli orada qalmışdı. O qadının içində ana, ata, baba, dədə, yurd həsrəti var idi. Mənim türk milləti üçün həddən ziyadə narahatlığım, nisgilim, türk sevdalı olmağım bundan qaynaqlanır.
Bilirsiniz, milli şüur çox önəmlidir. Ailəmizdə bizə türk milli şüurunu aşılayıblar. “Xaricdə yaşayan o insanlar bizim millətimizdəndir” fikrini beynimizə həkk ediblər. Sovet məktəbini bitirən biri kimi həmişə fərqindəydim ki, universitetə, yaxud hansısa işə düzələndə tərcümeyi-halda olan bənddə “Xaricdə qohumlarınız varmı?” sualına “yox” cavabı yazmalıyam. Əksini yazsaydıq, nə vaxtsa əngəl kimi qarşımıza çıxacaqdı.
- Sizin bioqrafiyanızda Balakən tarixçəsi də var. 9 yaşında Balakənə köçmüsüz. Bu haqda danışardınız...
- Anam irəvanlıdır, Masisdə yaşayıb, Əlibəyin qızıdır. Atası bəy olduğu üçün həbs olunub, sonra da güllələnib. Nəsil dərbədiyar olub, nənəmi belə sürgün ediblər. Anamgilin kökü Uluxanlı rayonunun Zəngilər kəndindəndir. Ailə darmadağın olub, represiyaya məruz qalıb, uşaqlar yetimxanaya verilib. Böyük xalam 16 yaşındaykən Əlibaba adlı hərbçi ilə ailə qurub.
Əlibaba müharibədən sonra hərbi xidməti yerinə yetirmək üçün Balakənə köçəndə xalama söz verib ki, bacı-qardaşını tapacam. Hərbçi olduğu üçün bu məlumatları araşdırıb üzə çıxarmaq ona asan olub. Anamla birlikdə iki xalamı, dayımı götürüb Balakənə gəliblər, hamısını da xalam böyüdüb.
Atam Amasiyadan olub. Gürcüstanda olan xalası oğlanlarından birinin övladı Balakəndə ailə qurub. Qız görməyə Balakənə gələndə atam da onlara qoşulub gəlib. Atam anamı 16-17 yaşında Balakəndə bazarda görüb. Özü sonralar danışırdı ki, ananızın iki uzun hörükləri var idi, onu görən kimi ürəyimdə dedim, mən bu qızı alacam.
- Onda atanızın neçə yaşı vardı?
- Anamdan üç yaş böyükdü. Anamı vermək istəməyiblər, o da qaçırıb.
- Siz harada doğulmusunuz?
- Anam atamla birgə Amasiyaya köçür. Əsil adı Qaraçantalılardır, bizim bölgələrə Ağbaba da deyirlər. Amasiyada həyat şəraiti ağır olduğuna görə xalam anama deyir ki, gəlin Balakənə. Gəlirlər, böyük qardaşımla bacım Balakəndə doğulur. Amma atam buralarda qərar tuta bilmir, ona görə yenidən Amasiyaya köçürlər. Ordada mən və o biri qardaşım doğulub.
Atamın iş yerində ciddi problemi olub, onu işdən çıxarıblar, amma o, çox mübariz adam idi. Leninin mavzoleyinə teleqram vurub altı uşaqla işsiz qaldığını, bu halda Vyetnama köçürülməsi ilə bağlı müraciət yazmışdı. Bu, sovet dövründə dəhşətli hadisə idi. 24 saatın içində atama teleqram gəldi və onu işinə bərpa etdilər. Yadımdadır, 13 yaşım olardı, onda atam qərar verdi ki, Balakənə qayıtmalıdır. Beləcə, ordan köçdük.
- Amasiyanı xatırlayırsınız?
- Əlbəttə... Evimizin qarşısındakı bulağı necə unutmaq olar? Əmilərimin evi, öz evimizin səmti xatirimdədir. Biz Süleymanlılardanıq, çox böyük nəsildir. O köç mənim yadımdadır. Evimizin bütün əşyalarını üstü açıq maşına yığmışdılar. Axşam olanda sürücü yükün üstünü örtərdi, biz də yorğanın altına girərdik ki, üşüməyək.
Gürcüstanı keçməklə iki gün yol gəldik və Balakənə yerləşdik. Xalamın yoldaşı sovxozda baş aqronom idi, anamgili ora işə düzəltdi. Bir bacım və qardaşım da Balakəndə anadan oldu. Bu, ata tərəfimin hekayəsidir. Amma ana tərəfim daha ağır, çətin günlər yaşayıblar...
- Mübarizliyiniz atanızdan gəlir?
- Bəli, atam çox mübariz adam idi. Erməni dilini ana dili kimi bilirdi. Anam irəvanlıydı, o da məktəbdə erməni dilini öyrənmişdi.
- Siz necə?
- Sonralar öyrəndim, mən də az-çox ermənicə başa düşürəm. Anamla atamın bizdən gizlin söhbətləri olanda evdə erməni dilində danışardılar.
- Qohumlarınızın hamısını tapa bildiniz?
- Türkiyə olanların hamısını tapdım. Hətta deyərdim, onları atam tapmışdı. 1974-cü ildə SSRİ KQB-sinə yazmışdı ki, Türkiyədə qohumlarım var, onları axtarıram. Xalası uşaqlarını, xalasını beləcə tapmışdı. 1974-cü ildə istək kağızı gəldi, atam da Balakəndən Gümrü üzərindən Türkiyəyə gedib xalasını gördü.
Atam çox cəsarətliydi, sovet vaxtı Türkiyədə qohumlarını axtarmaq hər adamın işi deyildi. Açıqfikirliydi, heç vaxt heç nədən şikayət etməzdi. Təmiz türk kişisiydi... Qızıyla oğlu arasında fərq qoymazdı. Biz üç bacı, üç qardaş idik, oğlanlarına demişdi ki, siz istəyirsiz oxuyun, istəmirsiz oxumayın, amma qızlarım mütləq oxumalıdır. Bizə demişdi ki, əlinizə diplomunuzu almadan qapıma elçi gəlməsin. Bizə əməyə alışdırmışdı.
Mən elə bilirdim ki, atam dünyanın ən böyük riyaziyyatçısıdır. İngilis dilini bilmirdi, amma kitabı əlində tutub bizə deyirdi ki, dərsini danış. Sonra başa düşmüşəm ki, atam heç o dili də bilmirmiş.
- O illərdə ən böyük arzunuz nə idi? Nəçi olmaq istəyirdiniz?
- Hüquqşünas, prokuror. Birinci qisasımı da atamın anası, o türk qızından - nənəmdən alacaqdım.
- Niyə?..
- Çünki bizi döyürdü. Özünə də deyirdim ki, prokuror olucam, səni həbs edəm. İndi ona o qədər rəhmət oxuyuram ki… Bizi gözəl tərbiyə eləmişdi...
- Nəyin üstündə döyülürdünüz?
- Mən bir bəlaydım, o da çox inadkar. Bir dəfə sözünə baxmadım, qaçıb tut ağacının başına çıxdım. Nənəm tərsliyindən oturdu ağacın altında. Qonşumuz oğlu gəlib, mənə kömək məqsədilə onu söhbətə tutanda aradan çıxdım. Amma nə olsun, axırı evə gələndə zoğal çubuğu ilə yaxşıca məni döydü. İndi deyirəm nə gözəl eləyib. Mən demirəm ki, uşaqlar döyülməlidir, amma...
- Siz özünüz uşaqlarınızı döymüsünüz?
- Oğlumu döymüşəm, qızımı yox. Oğlum çox dəcəl idi, ələ-ovuca sığmırdı. Bir də ki ananın döyməsi, şilləsi sığaldı.
- Tənzilə xanım, qayıdaq Qərbi Azərbaycana qayıdış məsələsinə. Bununla bağlı bir deputat və qərbi azərbaycanlı kimi proqnozunuz necədir?
- Ən böyük proqnozu və proqramı cənab Prezidentimiz verib və hər çıxışında bunu təkrar-təkrar dilə gətirir. Mən ümidli insanam, amma Qarabağ həqiqətləri ilə bağlı dünyanın demək olar ki, hər yerində mübarizə aparmış biri kimi deyirəm ki, son illər mən də ümidimi itirirdim. Düşünürdüm ki, ermənilər İrəvanı verər, Şuşanı verməz. Şuşanı özlərinə müqəddəs elan eləmişdilər, Xankəndi heç ağla gəlmirdi.
Biz acılar görmüş nəsilik, haradan hara gəlmişik - bunun fərqindəyik. Bu gün fəxrlə deməliyik ki, bizim Qarabağı, Şuşanı, Xankəndini azad edən siyasətçimiz var. Cənab Prezidentimiz bunu bacardı. Bunu bütün səmimiyyətimlə deyirəm. Təkcə Qarabağ deyib keçməyək, türk millətinin son 200 ildə itirdiyi torpaqların ilk dəfə bir parçası geri qaytarıldı.
Bu, əslində çox önəmli hadisələrə vəsilə oldu. Türk dünyası gördü ki, Azərbaycanla Türkiyənin yüksək səviyyədə əməkdaşlığı, qardaşlığı, xarici siyasətdə birlikdə hərəkət etməsi Qarabağ zəfərinə gətirdi. Türk Dövlətləri Təşkilatının çox sürətlə formalşamasında bu zəfər təməl daşı rolunu oynadı.
İdeyalar o vaxt həyata keçir ki, o ideya dövlət və milli şüurda əsas yer tutur. Azərbaycan Prezidenti deyir ki, türk dünyasından başqa ailəmiz yoxdur. Ona qədər türk dünyası deyən çox az liderlərə rast gələrsiniz. Siyasət və fikir adamlarımız bunun uğrunda mübarizə aparıblar. Amma dövlətin birinci şəxsi bunu dilə gətirirsə, demək, bu, dövlətin ideologiyasına çevrilib.
Qarabağ zəfəri Rusiyanın tərkibində müstəqilliyini qazanmaq istəyən türk birlikləri üçün bir ümid oldu. Mən həmişə demişəm ki, bu bölgədə önəmli olanı Türkiyənin güclü dövlətə çevrilməsidir. Türkiyə Yaxın Şərqdə güclü olsa, Azərbaycan da Qafqazda güclənəcək. Elə də oldu.
Bu gün bölgənin siyasi həyatını, yönünü müəyyən edən dövlətlərdən biri də Azərbaycandır. Bax belə qüdrətli dövlətdə yaşamaq, mənə elə gəlir, ən böyük xoşbəxtlikdir. Və bu gün dövlət başçımız Qərbi Azərbaycana qayıdış konsepsiyasını səsləndirir.
Onu da deyim ki, bizi biz edən dəyərlər var, onlardan heç vaxt vaz keçə bilmərik. Onsuz da Avropanın qarşımıza qoyduğu, zaman-zaman cəmiyyətimizə gətirmək istədiyi həyat tərzi bu millətin milli-mənəvi dəyərlərini yox etməyə köklənib. Hər millət nə ilə var olur? Tarixi və mədəniyyəti ilə. Bir millətin tarixi şüurunu əlindən alsan, dəyərlərini məhv eləsən necə var olacaq?
Bir milləti yox etmək üçün öncə onun əxlaqını əlindən almaq lazımdır. Millətimizin əxlaqı əldən gedir. İnsanlar gerçəyi deməkdən ehtiyatlanırlar. Aydınlarımız, ziyalılarımız da o cümlədən. Biz övladlarımıza hansı mirası buraxacağıq? Bunu düşünməliyik.
Millət vəkilliyi mənim siyasi fəaliyyətimdir. Amma mən həm də bu ölkənin ziyalısı, aydınıyam. Düşünürəm ki, bu dəyərlər yox olsa, nə baş verər? Qloballaşan dünyada biz necə var olarıq? Hansı axınla yox olub gedərik? Bunları ziyalılar, aydınlar fikirləşməli və deməlidirlər. Bəziləri qoy məni söysün, onların çörəyi məni söyməkdən çıxır.
- Təbii ki, layihənin bir parçası olanda başqa yönə çevrilir, amma qadın haqları ilə bağlı çağırışlar da olmalıdır...
- Əlbəttə, olmalıdır. Ona bir söz deyən yoxdur. Mən qadına qarşı istənilən zorakılığın əleyhinəyəm. Bu mənim işimdir. Qadın hüquqlarını müdafiə edəcəm. Hər cəmiyyətin böyük mədəniyyəti qadına münasibətlə ölçülür. Cəmiyyət qadına baxış bucağını dəyişməsə, yaralarımız sağalmaz, düzəlməz.
Amma qadın haqları altında milli mənəviyyatı yox etmək istəyən beynəlxalq qurumlar var ki, onların çoxu erməni fondlarından yararlanırlar. Belə fondların təsiri altında həyata keçirilən layihələri ölkəmə gətirib, millətimin əxlaqını yox etməyə çalışanların hər zaman qarşısında duracam.
Qərbi Azərbaycan məsələsində də biz insan haqlarını müdafiə edirik, doğma yurdlarına qayıtmaq o insanların haqqıdır. Ermənilər Azərbaycanın konstitusiyasını qəbul edirlərsə, gəlib Qarabağda yaşasınlar. İnsan haqlarını müdafiə edən qurumlara deyirik ki, Qarabağda erməni olduğu üçün onun haqlarına Avropa dəyərlərindən yanaşdığın kimi Qərbi Azərbaycandan köçmüş insanlarımıza da həmin dəyərlərlə yanaş.
Sən Avropa, 60 il Qarabağdan zorla köçürülmüş azərbaycanlıların haqlarını görmədin. Xocalı faciəsində ölənlər insan deyildimi? O körpələrin nə günahı vardı? Hamilə qadının qarnını yarıb, övladını çıxarıb, yerinə pişik balasını qoyub tikən mənə hansı insan haqlarından danışacaq? O vəhşəti yaşadanları müdafiə edən Avropa məndən nə tələb edə bilər?
- Tənzilə xanım, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirində Hacı Şahinlə bağlı çıxışınız müəyyən rezonansa səbəb oldu. Fürsətdən istifadə edib məsələyə aydınlıq gətirməyinizi istərdik.
- Bəri başdan deyim: yaxşı ki, o sözü söyləmişəm. O çıxışımın ardınca sosial mediada qalxan o hay-küydən sonra bəlli oldu ki, cəmiyyətimiz qonşumuzun din pərdəsi altında aramıza yerləşdirdikləri "müridlər"in təhlükəsi ilə üz-üzədir. Bunu bütün səmimiyyətimlə deyirəm. Komitənin iclasları çəkilir. Orada on bir adam danışmışdı, biri də mən idim, niyə məhz mənim sözüm kəsilib çıxarıldı?
Məsələnin kökündə bir məqam dayanır. 15-20 il bundan əvvəl Hacı Şahinlə debata çağırılmışdım. Hacı Şahin deyirdi ki, qızlar məktəbə - ibtidai sinifə başıörtülü gedə bilər, bu, onun hürr haqqıdır. Mən də əks-fikir bildirmişdim ki, həddi-büluğa çatmamış oğlan, yaxud qız bu kimi məsələlərdə qərar verə bilməz. Altı yaşında qız uşağının hansı hürr iradəsi ola bilər?
Kimsə mənə din öyrətməsin. Mən çox inanclı ailədə böyümüşəm. Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin sədri olanda Tənzilə Rüstəmxanlı onun türk dünyasına məsul müşaviri idi. Biz cənubdakı qardaşlarımızın haqları üçün dünyada mübarizə aparırdıq və İranın hədəfində idik. Millətimiz araşdırmır, gedin İranın o dövrlərdə səhər kanallarının mövzusunu üzə çıxarın. Görəcəksiniz ki, hədəfləri Rüstəmxanlı ailəsi idi.
Biz illərlə bu mübarizənin içərisindəydik. Ona görə “Tənzilə Rüstəmxanlı hicaba qarşı” deyib sözlərimi manşetlərə çıxardılar.
O gündən bu günə müəyyən adamlar - "mürid"lər İranda, Rusiyada, Almaniyada hər yerdə məni qaraladılar. Neftçaladakı seçki olayları da sıradan deyildi. Onun arxasında hansı güclərin dayandığını dövlətimiz də bilir, mən də yaxşı bilirəm.
Mən Komitənin tədbirində qarşılaşdığım problemlərdən danışdım. Dedim, yas yerlərində şəhidlərimizin ruhuna salavat çevirəndən sonra şəhid məqamındaymış kimi Hacı Şahinə də salavat çevirirlər. Bildirdim ki, Hacı Şahinin şəhid məqamında tutulması düz deyil. Burda nə səhv var?
Bu sözümü “Tənzilə Rüstəmxanlı Hacı Şahinə qarşı” başlığı ilə təqdim edib, manşetə qoyur, hədəf göstərirlər… Bu nə deməkdir?
- Bunun belə olacağını gözləmirdiniz?
- Həqiqət göz qabağındadır. Mən gördüyüm gerçəkliyi demişdim, nə ilə üz-üzə gələcəyimi hesablamamışdım. Adamlar məni hədəfə qoydular. Sabah başıma bir iş gəlsə səbəbkarları bəllidir. Buna görə dövlətimə çağırış etdim. Çünki şərhlərdə evimin ünvanına, maşınımın nömrəsinə kimi yazırlar. Onların bunu etməyə nə ixtiyarları var?
Kiminsə əlinə rəvac verirlər ki, mənə sui -qəsd etsin? Biz bu ölkədə Fazil Mustafa olayını yaşadıq. Bu çirkabları üzərimə tökərək məni susdurmaq istəyirlər? Məni tənqid edə bilərsən, amma hədəf göstərə bilməzsən.
- Seçkiyə toxundunuz…Tənzilə xanım, qadın təşkilatının rəhbəri və qadın deputatsınız, sizin rəqibiniz də qadın idi. Seçkilərdən sonra Vəfa Nağı ilə maraqlanmamısınız?
- Birinci, o mənim rəqibim deyil. Mən onun cinsiyyətini də bilmirəm... O, LGBT üzvüydü. USAİD-in ayırdığı layihələrin icraçılarından idi - həmin o qadın dediyiniz, özünü Milli Məclis üzvlüyünə namizədi kimi göstərən şəxsin adını heç vaxt çəkməmişəm və çəkməyəcəm də. Feminizm adı altında şübhəli layihələr həyata keçirənlərdən idi. Feminizmin pərdəsi altında Gürcüstanda Azərbaycanla bağlı hansı mövqedən çıxış elədiyini də hamı gördü. Deməyim odur ki, o, Azərbaycan dövlətinə qarşı layihə idi. Araşdırın baxın...
Mən halal səsimi aldım. Bütün seçki prosesini çəkdirmişəm, o, üç müşahidəçi qoymuşdusa, mən dördünü qoydum, cəmiyyətimizin bütün üzvləri səfərbər olmuşdular. Sonuncu iki gündə kəndlərə 100 min avro, Xəzərkənddə isə velosiped paylamışdı. Bu pulu hardan almışdı? Ömründə bir gün belə işləməyən adamın maliyyə mənbəyi haradan idi? O, maliyyə hesabatı təqdim etməyən bir adamdır. 44 ildir işləyirəm, amma mənim o imkanlarım yoxdur. Az qala deyirdi ki, Tənzilə Rüstəmxanlının dünyanın hər yerində evi var.
- Evdən söz düşmüşkən, bir dəfə demişdiniz ki, Şuşada evinizin olmasını istəyirsiniz.
- İnşallah, olar. Türkün ayaq izi dəyən hər yer mənim evimdir. Hara getsəm – Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə – 30 ildə qazandığım dostlarımın hansının qapısını döysəm, mənim evimdir.
- Bir müsahibənizdə demişdiniz ki, mən siyəsət adamı deyiləm. Hələ də bu fikrinizdəsiniz?
- Deyirdilər siyasət çirklidir, mən də deyirdim, siyasəti çirkləndirən adamlar var. Çirkli adamlar siyasətə gələndə siyasət çirkli olur. Mən bir siyasi partiyanın təmsilçisiyəm. Bizim partiyanın əsas qayəsi vətəndaş həmrəyliyidir. Siyasi fəaliyyətim sırf dövlətimin və millətimin maraqları üzərində qurulub.
- Bir deputat kimi, yəqin maraqlanmısınız: Neftçalanın hansı problemləri var?
- Problemlər çoxdur, onları həll etmək üçün hər gün fəaliyyətdəyəm. Bütün nazirliklərin, idarələrin qapısını döyürəm. Nəticələr çox yaxşıdır, daha da yaxşı olacaq. Həsənabad kəndinə yenidən su çəkilməsi layihəsini 2025-ci ilin büdcəsinə saldırdım. Bəzi kəndlərə qaz çəkilməyib, məktəblərin təmir məsələləri ilə bağlı fəaliyyətimi davam etdirirəm.
Bir də özümün şəxsən gördüyüm işlər var: şəhid, qazi ailələri ilə görüşürəm, problemlərini həll edirəm, işsiz olanları əlimin yetdiyi qədər, bütün şəxsi nüfuzumdan istifadə edib işə düzəltdirirəm. Bunları çox xırdalamaq istəmirəm, çünki bu, ömrü boyu gördüyüm işlərdir, indi də bu işlərin böyük qismini Neftçala üçün edirəm. Türk iş adamlarını Neftçalaya cəlb edirəm, istəyirəm onlar rayona sərmayə qoysunlar və yeni iş yerləri açılsın.
- Sabir müəllimin dediyinə görə, sizə həsr etdiyi çox şeirləri var. Ən çox bəyəndiyiniz hansıdır?
- Sabir bəyin dediyinə baxmayın, o adətən işinə gələndə onu deyir. Amma o şeirləri özüsm oxuyanda başa düşürəm ki, mənimlə heç əlaqəsi yoxdur. Şeirdə yazır saçı uzun, sarı... Deyirəm, ay Sabir bəy, bir saçıma bax, saçım sarıdımı, uzundurmu?
Amma çox bəyəndiyim 40 yaşımda yazdığı “Yaşını demə” şeiridir. Əhməd Şafaq ona bir mahnı yazdı, özü də oxudu. Sabir bəyin yaradıcığını əzbər bilirəm, amma mənə həsr etdikləri yadımda deyil.
- Könlünüzü almaq üçün dediyi şeirləri də?..
- Münasibətlərimizin təhlükəli həddində – sizə danışıram 20-30 il bundan öncəni – canını həmişə şeir yazmaqla qurtarıb. Gəlib görürdüm ki, stolun üstünə şeir qoyub, özü aradan çıxıb. Olsun, Allah ona uzun ömür versin. O mənim müəllimim, o mənim yol başçımdır.
- Deputat fəaliyyətinizdən razıdırmı?
- Sabir bəy həmişə deyirdi ki, mən sənə çox mane oldum. İnanın ki, mənim namizədliyimi irəli sürmək onun ideyası idi. Seçkiyə bir il qalmış birdən mənə dedi ki, bu dəfə partiyadan sənin namizədliyini vermək istəyirəm. Narazı qarşılamışdım, axı bir dəfə namizəd olmuşdum, özü də çox yaxşı kampaniya aparmışdıq, amma seçilməmişdim. Bu dəfə dedi, heç tərəddüd etmə.
Mən çox istəyirəm qadına münasibətdə kişilər Sabir bəydən örnək götürsünlər. O mənim yanımda durmasaydı, mən bu qədər işlər görə bilməzdim. Sabir bəy hər zaman arxamda olub. Hər yerə bərabər getmişik, balalarım yollarda böyüyüb, çünki onları özümüzlə daşımışıq. Bəzən konfranslarda birinci stolda oturub yatıblar.
- Ən kritik fikir ayrılığınız nədə olub?
- Sabir bəylə çox yaxşı dostuq, öncə onu deyim.
- "Dost" böyük sözdür...
- Mən onu özümə çox böyük dost hesab edirəm. O da məni elə bilir. O bilir ki, arxasında bir qala var. Mənim millətimin ailələri belə olmalıdır. Nənəmi, anamın ömür gün yoldaşlarının yanında necə durduqlarını görmüş biri kimi mən də Sabir bəyin yanında müzakirəsiz dayanmışam, hətta səhvi olsa belə...
Bizim evdə belə bir qanun var: Sabir bəy bu evin böyüyüdür, səhv desə belə müzakirə olunmur. Sabir bəy qapıdan içəri girəndə içi mən qarışıq mütləq hamı ayağa qalxmalıdır. Mən Sabir bəyi hələ adıyla çağırmamışam. İnsan ömür gün yoldaşının adını deyər, amma o mənim üçün təkcə ömür gün yoldaşı deyil axı.
Yumşaq görünməyinə baxmayın, çox tərs adamdır. Hirslənəndə evdən qaçırıq...