
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan Cenevrədə Avropa İqtisadi Komissiyasının sessiyasında iştirak edib.
Teleqraf xəbər verir ki, o, Ermənistanda regional nəqliyyat əlaqələrinin genişləndirilməsi, sərhəd və gömrük-keçid məntəqələrində insanlar və yüklərin daşınmasının asanlaşdırılması üçün addımlar atıldığını bildirib.
Regional kommunikasiyaların açılması mövzusu kontekstində Simonyan ölkəsinin Türkiyə və Azərbaycanın ekstraterritorial dəhlizlə bağlı tələblərinə qarşı olduğunu söyləyib. Onun sözlərinə görə, nəqliyyat yollarının açılması suverenlik, yurisdiksiya və bərabərlik prinsiplərinə əsaslanmalıdır.
“Ermənistan digər məsələlərlə yanaşı, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə kimi regionda inklüziv əlaqə, açıq sərhədlər və nəqliyyat infrastrukturunun inkişafını prioritet hesab edir. Bu, Cənubi Qafqaz və qonşu regionlarda qarşılıqlı fəaliyyət məntiqini tamamilə dəyişdirə, ölkələrin iqtisadiyyatlarını transformasiya edərək, onları daha dayanıqlı hala gətirə bilər”, - Simonyan əlavə edib.