Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu il oktyabrın 20-də vəfat etmiş Xankəndi şəhər sakini, erməniəsilli şəxslə bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməniəsilli, 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib: "Bu barədə oktyabrın 23-də Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilib. Həmçinin qeyd olunub ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilib və ona lazımi sosial müdafiə dəstəyi göstərilib.
V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məlumatlandırılıb, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilib.
Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilib. Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülüb, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınıb, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilmişdir) təsdiq edilib. Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılıb və görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilib. Lakin müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmayıb. Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilib. Təhlillər göstərir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitinin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olub. Belə ki, Ermənistan tərəfi ehtimal edirdi ki, Azərbaycan tərəfi V.Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edər və onlar da bu faktdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP-29) öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə edəcəklər. Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərini anlayıblar, bununla da proses onlar üçün aktuallığını itirib.
Dinindən və milliyyətindən asılı olmayaraq, vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir.
Azərbaycan Respublikasının həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq Dövlət Komissiyası V.Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir.
Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi V.Ağasyanın meyitini qəbul etməyəcəyi halda, meyit Azərbaycan Respublikasının ərazisində dəfn ediləcək və məzarı müvafiq qaydada qorunacaq".
Məsələ ilə bağlı “Sherg.az"a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirdi ki, Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı:
- Ermənilər yenə də bəd niyyətlərindən əl çəkmir və fürsət gəzirlər ki, Azərbaycanı nədəsə ittiham etsinlər. O dərəcədə ki, hətta yaşlı bir qadının vəfatından da siyasi avantüra vasitəsi kimi istifadə etməyə çalışıblar. 44 günlük Vətən müharibəsi dövründə, həmçinin antiterror əməliyyatları zamanı Azərbaycan dövləti və ordumuz mülki əhaliyə qarşı yüksək səviyyədə humanitar davranış göstərdi. Xankəndidə qalan erməni əsilli əhali sığınacağa yerləşdirildi, yeməklə, geyimlə, zəruri vasitələrlə təmin edildilər. Azərbaycan dövləti həmişə bəyan edib ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Əgər Azərbaycan qanunlarına tabe olaraq dinc-yanaşı yaşamaq istəyirlərsə, bizim konstitusiyaya tabe olurlarsa, buyursunlar, yaşasınlar. Ancaq kim istəmir, çıxıb gedə bilər. Gedənlər getdi, qalanlar qaldı. Qalanlara da yenə dövlətimiz sahib çıxdı. İndi bu məlumatı oxuyanda çox təəccübləndim və bir daha əmin oldum ki, dövlətimiz yenə də humanistcəsinə davranır. Qarabağ müharibəsində bizim yüzlərlə insanımız ermənilərin əlində əsir qalıb, qadınlar, uşaqlar ya öldürülüb, ya da haradadılar, heç bilinmir. Buna baxmayaraq, bizim dövlətimiz həmin erməni qadına yiyə durub, həm müalicəsini edib, indi də Allahın işidi, bu yaşda qadını mümkün olmayıb sağaltmaq, neçə müddətdir müraciət edilir Ermənistana, heç bir cavab verilmir. Əlimizdə bütün sübutlar var! Onu dəfn etməyə bütün hüquqlar bizim tərəfdədir. Bir də ermənilərin hüquq sözünü ağızlarına almağa ixtiyarları yoxdur, o qədər bizim xalqa qarşı vəhşiliklər törədiblər! Biz böyük millətik ki, insanlığımızı itirmirik və hər bir insana - hansı millətə, hansı irqə, hansı dinə mənsub olursa-olsun, öz mərhəmətimizi göstəririk! Bu bizim böyüklüyümüzdür.