Əsas Səhifə > Dünya > Brüssel nəbz yoxlaması həyata keçirir
Brüssel nəbz yoxlaması həyata keçirirDünən, 12:50 |
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi, Estoniyanın keçmiş baş naziri Kaya Kallas dekabrın 16-da yeni vəzifəsində Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin ilk toplantısını keçirib. 3 mövzu – Rusiya-Ukrayna müharibəsi, Gürcüstanda siyasi böhran və Suriyada hakimiyyət dəyişikliyi müzakirə olunub. Xarici işlər nazirləri Rusiyaya qarşı növbəti 15-ci sanksiya paketini qəbul ediblər. Buna baxmayaraq, Avropa İttifaqı Fransa Prezidenti Emmanuel Makronun “müharibə bitəcəyi təqdirdə Ukraynaya Avropa müşahidə missiyasını göndərək” təklifini qəbul etməyib. Kaya Kallas bu məsələnin müzakirəsinin erkən olduğunu bildirib. Avropa İttifaqı nümayəndəsi haqldır, müharibə bitməmiş Ukraynaya müşahidəçi missiyanın göndərilməsinin müzakirəsi ölməmiş ayının dərisinin bölüşdürülməsinə bənzəyir. Digər tərəfdən ABŞ-ın yeni Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra müharibəni dayandırmağı planlaşdırır. Onun planında isə Avropa müşahidə missiyasının Ukraynada yerləşdirilməsi bəndi barədə məlumat yoxdur. Kaya Kallas Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının da geri çağrılması barədə düşünməlidir. Bu da Makronun ideyası idi, bölgəyə gərginlikdən başqa heç nə gətirmədi. Brüsseldə Gürcüstana qarşı sanksiyaların tətbiqi müzakirə olunsa da, yekdil qərar qəbul etmək mümkün olmayıb. Məsələ burasındadır ki, Avropa İttifaqının 27 ölkəsinin tamamı Gürcüstanla bağlı eyni fikirdə deyil, misal üçün Macarıstan və Slovakiya sanksiyaların əleyhinədir, hətta Lüksemburqun xarici işlər naziri Ksavye Bettel də Brüsseldəki çıxışında “Gürcüstan hökumətinin etirazçılara qarşı davranışını tənqid etməklə yanaşı “Gürcü arzusu” Partiyasının parlament seçkisində yaxşı nəticə göstərdiyinə görə cəzalandırılmasını doğru hesab etmirik” cümləsini işlədib. Beləliklə, Avropa İttifaqı Gürcüstanla bağlı gözləmə mövqeyinə keçib. Görünür, anlayırlar ki, Gürcüstan hökümətinə qarşı sərt qərarlar, rəsmi Tbilisini Rusiyaya daha çox yaxınlaşdıra bilər. Avropa İttifaqı Əsəd rejiminin süqutunu dəstəkləsə də, Suriyada hakimiyyətə gələn qüvvələri tanımağa hazır deyil. Buna baxmayaraq, Kaya Kallas Dəməşqə avropalı diplomatlardan ibarət nümayəndə heyəti göndərməyə qərar verib. Brüssel nəbz yoxlaması həyata keçirir, “Heyəti Təhriri Şam” (HTŞ) ilə təmaslarda digər oyunçulardam geri qalmaq istəmir. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |