Əsas Səhifə > Dünya > Dəməşqdən Moskvaya “uçan” tonlarla pul və Bəşərin Kremlə borcu
Dəməşqdən Moskvaya “uçan” tonlarla pul və Bəşərin Kremlə borcuDünən, 00:58 |
2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı Moskvaya təyyarə ilə təxminən 250 milyon dollar nağd pul göndərib. Bu barədə “Financial Times” (FT) məxfi sənədlərə istinadən yazıb. Bildirilib ki, bu illər ərzində prezident Bəşər Əsəd Suriyada hakimiyyətdə idi və Prezident “hərbi dəstəyə görə Kremlə borclu idi”. Eyni zamanda, nəşr qeyd edir ki, həmin vaxt Suriyada “kəskin xarici valyuta qıtlığı” yaşanıb. FT yazır ki, Suriya hakimiyyəti Rusiyaya təxminən 2 ton ağırlığında - 100 dollar və 500 avro nominalında əskinaslar göndərib. Bu pullar Rusiya banklarında yerləşdirilmək üçün nəzərdə tutulub. Nəşr “Import Genius” ixrac məlumatları xidmətinə istinadən aydınlıq gətirir ki, 2019-cu il mayın 13-də Suriya Mərkəzi Bankı adından göndərilən 100 dollarlıq əskinasları daşıyan təyyarə Moskvada Vnukovo hava limanına enib. 2019-cu ilin fevral ayında 500 avroluq əskinaslarda daha 20 milyon avro Rusiya paytaxtına göndərilib. 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər nağd pulun daşınması üçün ümumilikdə 21 uçuş həyata keçirilib. FT yazır ki, 2018-ci ilə qədər Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb. Moskvaya çatdırılan vəsaitlərin Rusiya Maliyyə Korporasiyası bankına (Rosoboroneksporta məxsus) köçürüldüyü iddia edilir. Nəşrin məlumatına görə, 2018-ci ilin mart ayında Suriya Mərkəzi Bankı həmçinin Rusiyanın “CMRBank”ına 2 milyon dollar köçürüb. Hər iki kredit təşkilatı sonradan ABŞ sanksiyalarına məruz qalıb. FT həmçinin iddia edir ki, Əsədin ailəsi gizli şəkildə “Rusiyadakı aktivləri, o cümlədən Moskvadakı dəbdəbəli mülkləri satın alıb. Onlar Moskvanın elit rayonunda ən azı 40 milyon dollar dəyərində ən azı 19 dəbdəbəli mənzil alıblar. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə “Financial Times”ın yazdığını “absurd” adlandırmaqla yanaşı, belə xəbərlərə ehtiyyatlı yanaşmağın tərəfdarı olduğunu deyib. Deputat “Lenta.ru”ya açıqlamasında bildirib ki, bu, manipulyasiyadır. “Məncə, bunun “Financial Times”da dərc olunması media məkanına onu manipulyasiya etmək, müvafiq qiymətləndirmələr, müvafiq şərhlər vermək üçün əlverişli versiyanın təqdim edilməsi üzrə klassik əməliyyatdır. Qalan hər şey ardınca gələcək. Gəlin görək bu məlumat nə dərəcədə doğrudur və niyə indi yayılıb?”, - deyə Karasin vurğulayıb. Komitə sədri deyib ki, bu yazılar və xəbərlər birbaşa Əsədə və Moskvaya qarşı yönələ bilər: “Ona görə də, biz bu yazılarla bağlı çox diqqətli olun”. Müəllif: Ayna.az Geri qayıt |