Əsas Səhifə > Dünya > Uğursuza mükafat və ya Putindən “Axmat”a jest

Uğursuza mükafat və ya Putindən “Axmat”a jest


11-12-2024, 02:05
Uğursuza mükafat və ya Putindən “Axmat”a jest
Rusiya Prezidenti Vladimir Putin “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinova general-leytenant rütbəsi verib. Müvafiq fərman Rusiyanın hüquqi informasiya portalında dərc olunub.

Putinin rütbə verdiyi hərbçi isə Rusiyada yalançı və uğursuz zabit sayılır. Ona görə də bəzi ekspertlər Alaudinovun rütbəsinin artırılmasını “uğursuzluğun mükafatlandırılması” kimi dəyərləndirirlər.

Bəs niyə uğursuzluq? Belə ki, Alaudinov bu il avqustun əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu və nəzarətə götürməsindən sonra vilayətdə döyüş bölgəsində olub. Ukrayna qoşunlarının sərhədi keçdiyi gün, avqustun 6-da indi general olan zabit xalqı “popkorn yığmağa” və “hərbçilərin düşməni necə məhv etdiyinə” tamaşaya çağırıb. Avqustun 8-də o, “vəziyyətin kritik olmadığını”, avqustun 10-da “vəziyyətə maksimum nəzarət edildiyini”, avqustun 11-də isə “vəziyyətin yavaş-yavaş sabitləşdiyini” bildirib. Sonda bu məlumatların hamısı yalan çıxıb.

Avqustun 7-də Rusiya hərbi dairələrinə məxsus “Telegram” kanalları məlumat yayıblar ki, “Axmat” döyüşçüləri Kurskda mövqelərini tərk edərək qaçıblar. Bu bəyanatlara cavab olaraq Alaudinov iddia edib ki, Ukrayna qoşunları yalnız özlərinin mövqelərindən keçiblər, onun döyüşçüləri isə öz yerlərində qalıb. Lakin elə ertəsi gün Ukrayna Silahlı Qüvvələrinin Sudcanın qərb hissəsini nəzarətə götürdüyü barədə məlumat yayılıb. Buna baxmayaraq, “Axmat”ın başçısı vəziyyətin “nəzarət altında olduğunu” bəyan etməyə davam edib: döyüşçüləri arasında itkilər olduğunu və bir neçə yaşayış məntəqəsinin tutulduğunu söyləyib, “düşmənin ciddi irəliləyiş etmək üçün kifayət qədər qüvvələri olmadığını” iddia edib. Daha sonra xüsusi təyinatlı əsgərlərin təslim olmasını əks etdirən videolar dərc olunanda Alaudinov təkid edib ki, “bir nəfər də olsun “Axmat” əsgəri təslim olmayıb”.

Sentyabr ayında isə Alaudinov ümumilikdə on dəfə Ukrayna qoşunlarının irəliləyişinin “dayandırıldığını” və çoxlu sayda canlı qüvvə və texnikanın məhv edildiyini açıqlayıb. Eyni zamanda, avqustun sonunda Alaudinov xəbərdarlıq edib ki, döyüşlər daha bir neçə ay davam edə bilər.

Noyabrın ortalarında Alaudinov bəyan edib ki, Rusiya artıq “Şimali Hərbi Dairəsini qazanıb”. O, Ukraynaya Qərbin Rusiyanın dərinliklərində uzaqmənzilli silahlardan atəş açmaq üçün verdiyi icazəni belə şərh edib.

Putinin rütbəsini artırdığı zabit həmçinin rusları ABŞ Prezidenti Co Baydenin administrasiyası tərəfindən Ukraynaya istifadəsinə icazə verilən Amerika ATACMS raketlərindən qorxmamağa çağırıb: "Bu "dovşanlar" haqqında düşünməyin. Mən sizə söz verirəm ki, nə baş verməsindən asılı olmayaraq, Rusiya artıq bu müharibəni dönməz şəkildə qazanıb".

Əvvəllər Alaudinov artıq Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazandığını bəyan etmişdi. O, öz nöqteyi-nəzərini ölkənin birliyini qoruduğu və “Allah tərəfindən sevildiyi” ilə izah edib. Alaudinov bildirib ki, münaqişədə son nöqtə avqustun 6-dan Ukrayna Silahlı Qüvvələrinin bir hissəsinə nəzarət etdiyi Kursk vilayətində döyüş olacaq. Proqnoz verib ki, bu, qış başlamamış başlayacaq.

Bütün bəyanatların sonradan əsassız çıxdığına görə, yerli və beynəlxalq ekspertlər Alaudinovu “yalançı”, “gopçu”, “manipuliyasiya ilə məşğul olan zabit” kimi xarakterizə edirlər. Hətta bəziləri cəmiyyəti onun verdiyi açıqlamalara inanmamağa çağırırlar. Bəziləri isə Putinə yalan məlumat verildiyini, Prezidentin bu addımını “Axmata” jest kimi qiymətləndirir.

Ayna.az
Geri qayıt