Əsas Səhifə > Dünya > Ada mühasirədədir
Ada mühasirədədir25-05-2024, 13:05 |
Çinin Tayvan bölgəsindəki hərbi təlimlərə başlaması beynəlxalq aləmdə böyük narahatlıq yaradıb. Çin silahlı qüvvələri hərbi təlimlər vasitəsilə adanı mühasirəyə alıb və real döyüş imkanlarını yoxlamaq üçün müxtəlif ssenarilər tətbiq edib. Çin ordu komandanlığının yaydığı xəritələrdə hərbi gəmilərin adanın hər tərəfində yerləşdirildiyi göstərilib. Çin ordusu ada ətrafında real döyüş imkanlarını nəzərdən keçirir. Çin komandanlığının yaydığı bəyanatında bunlar yazılıb: “Manevrlər Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr, eləcə də kənardan müdaxilə etməyə çalışan qüvvələr üçün ciddi xəbərdarlıq və cəzadır”. Təlimlər Tayvan boğazında, Tayvanın şimalında, cənubunda və şərqində, eləcə də Tayvanın nəzarətində olan Kinmen, Matsu, Vuqiu və Dongyin adalarının ətrafındakı ərazilərdə keçirilir, komandanlığın bəyanatında deyilir ki, Çin ilk dəfə bu miqyasda təlimlər keçirir. Çin dövlət mediası bildirib ki, təlimlərdə raketlər daşıyan onlarla döyüş təyyarəsi iştirak edir. Tayvanın müdafiə nazirliyi təlimləri pisləyərək, adanın ətrafındakı bölgələrə qüvvələr göndərdiyini, hava hücumundan müdafiə və quru raket qüvvələrinin hədəfləri izlədiyini və ərazisini qoruya biləcəyinə əmin olduğunu bildirib. Çinin hərbi təlimləri Tayvana yaxınlaşmaq istəyən ticarət gəmilərinə mane olur. Bunun isə dünya ticarətinə mənfi təsiri haqqında rəylər verilir. Yarımkeçiricilərin istehsalının böyük hissəsi Tayvanda həyata keçirilir. Pekin hərbi təlimlər vasitəsilə Tayvanda yeni prezidentin andiçmə mərasiminə cavab verib. Bu ilin başlanğıcında Tayvanın prezidenti seçilən Lai Çinq-Tenin bugünlərdə keçirdiyi andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb. Adanın hazırki prezidenti və onun lideri olduğu partiya müstəqilliyin tərəfdarıdır. Çinin xarici işlər naziri Vanq Yi Lainin çıxışını "rüsvayçı" adlandırıb. Çinin dövlət televiziyası olan CCTV, Lainin andiçmə nitqinin “son dərəcə zərərli” olduğunu və Çinin əks tədbirlərinin qanuni və zəruri olduğunu bildirib. Halbuki, Lainin Çinlə danışıqlar təklifini Pekin dəfələrlə rədd edilib. Pekin Tayvanın gələcəyini adanın 23 milyon əhalisinin deyil, yalnız Çinin 1,4 milyard əhalisi həll edə biləcəyi qənaətindədir. ABŞ-ın bölgədəki yüksək rütbəli generalı mayın 23-də bildirib ki, Çin 2023-cü ildən başlayaraq Tayvan boğazlarında hərbi təlimlərə ara verməyib. ABŞ-ın Hind-Sakit Okean Komandanlığının müavini general-leytenant Stiven Sklenka Kanberradakı çıxışında deyib ki, təlimlərdə Çin Xalq Azadlıq Ordusu Tayvanın dəniz və hava blokadasını, amfibiya hücumlarını və əks-müdaxilə əməliyyatlarını simulyasiya edib. Mövcud vəziyyət Vaşinqtonla yanaşı Tokionu da ciddi narahat edib. Çinin Tokiodakı səfiri Yaponiyanın məsələyə müdaxilə edəcəyi halda yapon xalqının “odun içinə atılacağını” bildirib. Bu açıqlama Yaponiya Xarici İşlər Nazirliyinin narazılığına səbəb olub. Nazirlik səfirə xəbərdarlıq edib. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi jurnalistlərə bildirib ki, “Tokioda çalışan səfirin belə bir şərh verməsini son dərəcə yersiz hesab edirik və dərhal buna qarşı kəskin etirazımızı bildirdik”. Ümumiyyətlə Çinlə Yaponiya arasındakı münasibətlər son aylarda gərginləşib. Yaponiyanın Filippinlə birgə ABŞ-la üçlü ittifaq yaratması Pekinin narahatlığına səbəb olub. “Atlas” Araşdırmalar Mərkəzi diaaz.space Geri qayıt |