Əsas Səhifə > Dünya > Limanlara nəzarət uğrunda mübarizə genişlənib

Limanlara nəzarət uğrunda mübarizə genişlənib


24-05-2024, 10:54
Limanlara nəzarət uğrunda mübarizə genişlənib
Pakistan Çinlə ittifaqı gücləndirmək siyasətinə sadiqdir. İki ölkə arasında iqtisadi əlaqələr inkişaf etməklə yanaşı ortaq layihələrin sayı da artıb. Çin yük daşımalarda Pakistan limanlarından istifad edir. İslamabad Qvadar limanını Pakistan üçün sabitlik, sülh və firavanlıq simvolu sayır. Çin konteynerləri bu limandan gəmilərə yüklənir. Açılışı 2016-c ildə həyata keçirilən bu liman Çinin “bir kəmər, bir yol” layihəsinin tərkib hissəsinə daxildir.
Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) başlanğıcı kimi qəbul edilən layihəyə böyük ümidlər var. Əsas məqsəd Çinin qərbindəki Sincan əyalətini Pakistan vasitəsilə dənizlə birləşdirməkdir. Bu, Çin üçün ticarət yollarını qısaldacaq və Malayziya ilə Sumatra arasında Hind və Sakit Okeanları birləşdirən dar su yolu olan mübahisəli Malakka boğazının boğulma nöqtəsindən qurtulmağa kömək edəcək. Pakistan isə Çin tərəfindən maliyyələşdirilən 2000 kilometrlik dəhliz boyunca ticarət, infrastruktur və sənaye artımından faydalanacaq. Artıq qurulmuş Karaçi limanına əlavə olaraq, dəhlizi qlobal gəmiçilik şəbəkəsinə qoşmaq üçün Qvadar seçilib. Kiçik balıqçı şəhəri İran sərhədi yaxınlığında, Kəraçidən təxminən 500 kilometr aralıda yerləşir. Qvadar qlobal neft ticarətinin kəsişməsində yerləşir. Buna görə də Qvadarı ikinci Dubaya çevrilə biləcəyini söyləyənlər var.
Çin Pakistandakı layihələri maliyyələşdirir. Çinin layihələrə xərclədiyi pullar yekunda özünə qalır. Bu model demək olar ki, bir növ Çin şirkətləri üçün subsidiya rolunu oynayır. Çin bankları müxtəlif hökumətlərə borc pul verir, sonra həmin pullar Çin tikinti şirkətlərinə verilir və zamanla kredit banka qaytarır. Bu o deməkdir ki, pul əslində heç vaxt Çini tərk etmir. Çin eyni üsulla Afrika ölkələrinin limanlarına da yatırımlarını artırıb. Kamerunda yeni tikilmiş Kribi limanı sıx və çox dayaz Douala limanını əvəz edəcək, Nigeriyada isə Laqos limanı 100 kilometrdən az məsafədə yeni açılmış Lekki dərin dəniz limanı ilə tamamlanır. Hər iki liman Çin dövlət şirkətləri tərəfindən maliyyələşdirilib və tikilib. Şri-Lanka hökuməti 2017-ci ildə Çinə əsasında Kolombo limanını əlavə etmək üçün nəzərdə tutulmuş nisbətən yeni Hambantota limanının əksər hissəsini 99 illiyinə icarəyə verdi.
Çinin limanlara artan marağına baxmayaraq, bu limanlar hələ tam gücüylə işləmir. Yeni limanlar dəniz daşınmasında əhəmiyyəti rola malik deyillər. Ticarət şirkətləri dəniz daşımalarında ənənəvi istiqamətlərdən istifadə edirlər. Çin və Pakistan bu durumu dəyişməyə çalışırlar.
Çinlə Pakistan arasında siyasi təmaslar da üst səviyyədədir, iki ölkənin rəsmiləri tez-tez görüşür, fikir mübadiləsi aparırlar. Çinin xarici işlər naziri Van Yi bir neçə gün əvvəl Pekində pakistanlı həmkarı İshak Darla görüşüb. Van Yi həmin görüşdə ikitərəfli əlaqələri müzakirə etməklə yanaşı ABŞ-ın siyasətini sərt tənqid edib. Van Yi ABŞ-ın Çinə qarşı ədalətsiz sanksiyalarının ticarət əlaqələrinə mənfi təsirindən danışıb. Van Yi bütün bunları pakistanlı həmkarına ona görə deyib ki, iki ölkə Amerikanın hegemoniyasına qarşı birgə mübarizə aparsınlar. İslamabad Pekinin strateji tərəfdaşı kimi Çini dəstəkləməyə hazırdır.
Buna baxmayaraq, iki ölkə arasında da zaman-zaman suallar yaranır. Çinin Pakistanda həyata keçirdiyi böyük iqtisadi layihələrdə iştirak edən çinlilərlə yerli əhali arasında ara-sıra toqquşmalar qeydə alınır. Əfqanıstanda hakimiyyətdə olan Taliban rejiminin Pakistanla münasibətlərdə gərginliyi mövcuddur, sərhəddə silahlı insidentlər olur. Pakistanın özündə də Talibana bağlı qruplar var. Həmin qrupların üzvlərinin çinli işçilərə hücum etmələri barədə xəbərlər yayılır. Halbuki, Pekinin Talibanla da sıx dialoqu var.

“Atlas” Araşdırmalar Mərkəzi
diaaz.space

Geri qayıt