Əsas Səhifə > Dünya > Pekin üçün 2024 həlledici ildir

Pekin üçün 2024 həlledici ildir


22-03-2024, 09:53
Pekin üçün 2024 həlledici ildir
Rusiya-Ukrayna və İsrail-Həməs müharibəsi davam edərkən Tayvanla bağlı narahatlıq da azalmayıb. Qərb ölkələrində hesab edirlər ki, Pekin Tayvanı Çinə birləşdirmək üçün plan hazırlayıb. Bu planın reallaşdırılması bölgədə yeni müharibəyə səbəb olacaq.
“Reuters” agentliyinin məlumatına görə, Pekinin Tayvana təzyiqi artıb. Oktyabrın 1-də Çin Xalq Respublikasının quruluşunun 75 illiyi qeyd ediləcək. Bəzi ekspertlərin fikrincə, Pekin həmin tarixə qədər Tayvanla bağlı yekun qərar vermək istəyir. Pekin 2024-ü Tayvan məsələsində həlledici il kimi qəbul edir. Çin Kommunist Partiyasında ikinci şəxs sayılan Van Xunin Tayvanı Çinə birləşdirmək üçün qəti addımlara ehtiyac olacağını bildirib. Van Xunin Çin Kommunist Partiyasında Pekinin Tayvan siyasətinə məsuldur.
Vaşinqton mövcud vəziyyətlə bağlı narahatlığını ABŞ-ın Çindəki səfiri Nikolas Berns vasitəsilə səsləndirib. Berns deyib ki, Tayvan ətrafında gərginlik ikinci Ukraynaya çevrilə bilər. Səfir bildirib ki, Pekin Ukraynakı müharibəni öz məqsədləri üçün istifadə etməyə çalışır. Görünür, amerikalı diplomat onu nəzərdə tutub ki, beynəlxalq aləmin başı Ukraynaya qarışmışkən, Çin Tayvan adasını əlnə keçirməyə çalışacaq. Vaşinqton Pekinin Ukrayna müharibəsinə neytral mövqeyinə də inanmır. Vaşinqtonda hesab edirlər ki, Çin Rusiya hərbi-sənaye kompleksinin güclənidirlməsinə xidmət edən avadanlıqlar göndərir.
Çin lideri Tsi Cinpin bir müddət əvvəl ABŞ prezidenti Cozef Baydenlə görüşmüşdü. Bu görüşdən sonra iki ölkə arasında gərginliyin azalacağı ehtimal edilirdi. Ancaq Pekin Tayvanla bağlı planlarından imtina etməyib.
Bu arada, Çin Tayvanda tərəfdar qrupları formalaşdırmağa çalışır. Həmin qruplar Tayvanın Çinə birləşdirilməsini dəstəkləyirlər. Həmin qrupların üzvlərini tez-tez Pekinə dəvət edirlər. Pekin çalışır ki, müharibə olmadan da Tayvanın Çinə birləşdirilməsini təmin etsin. Bunun üçün Tayvan əhalisinin bir hissəsi Çinə birləşməni dəstəkləməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi
diaaz.space

Geri qayıt