Əsas Səhifə > Dünya > Tokio Trampa yol axtarır
Tokio Trampa yol axtarır16-02-2024, 10:16 |
Çin hərbi gəmilərinin Yaponiya adalarına yaxın üzmələri Tokionu ciddi narahat edir. Çin Yaponiya ilə üz-üzə gəlməkdən çəkinmir. Yaponiya Çinlə müharibədə maraqlı deyil. Buna baxmayaraq, Çinlə Yaponiya arasında Sankaku adaları uğrunda mübarizə davam edir. Pekin Tokiodan tələb edir ki, Yaponiyaya məxsis təyyarələr adalar üzərində uçuşlar həyata keçirməsinlər. Bu vəziyyətdə Tokio ABŞ-ın Yaponiyaya hərbi dəstəyini artırmasını arzulayır. Bu arada, “Reuters” agentliyi Yaponiya siyasətçilərinin Donald Trampla təmasa çalışdıqları barədə xəbər yayıb. Görünür, Tokio hesab edir ki, ABŞ-da bu il keçiriləcək prezident seçkisində Donald Trampın qələbə çalmaq ehtimalı yüksəkdir. Ona görə də Tokio indidən Trampın bölgəyə baxışını öyrənmək istəyir. Tokio ehtiyat edir ki, Tramp prezident seçilərsə, Vaşinqtonun Yaponiyaya hərbi dəstəyi azala bilər və bu Çinin bölgədə hərbi gücünü artırmağa şərait yaradar. Həqiqətən Tramp prezident olduğu illərdə Çinə qarşı sərt ticarət qaydaraları tətbiq etsə də, təhlükəsizlik məsələlərinə o qədər fikir vermirdi. Tramp ümumiyyətlə ABŞ-ın xaricdə təhlükəsizlik məsələlərinə az diqqət yetirilməsinin və buna az pul xərclənməsinin tərəfdarıdır. Tokioni narahat edən də budur. Misal üçün Donald Tramp “prezident seçilsəniz Tayvanı Çindən müdafiə edəcəksinizmi” sualına cavab vermək istəməyib. Tayvanı müdafiə etmək istəməyən Tramp Yaponiyanı müdafiə etmək istəyərmi? Bu sual Tokioda aktuallaşıb. Tokioda onu da unutmayıblar ki, Donald Tramp prezident olduğu illərdə “Yaponiya və Cənubi Koreya təhlükəsizlikləri üçün ABŞ-a daha çox pul ödəməlidirlər” fikrini səsləndirmişdi. Tramp təhlükəsizlik məsələlərinə siyasətçidən çox qazanc əldə etmək istəyən işadamı kimi yanaşır. Yaponiyanın baş naziri Fumio Kisido aprel ayında Vaşinqtona səfər edərək Ağ Ev sahibi Cozef Baydenlə görüşəcək. Fumio Kisido eyni zamanda hakim partiyanın təmsilçilərini Trampla görüşlərə göndərib. Yaponiya siyasətçiləri eyni zamanda Vaşinqtonda Amerikanın beyin mərkəzlərinin rəhbərləri ilə də görüşürlər. Yaponiyalı rəsmilər və siyasətçilər bu görüşlərdə amerikalı həmkarlarını innandırmağa çalışırlar ki, ABŞ-ın bölgədə siyasi və hərbi fəallığını zəiflətməsi Çinin işinə yarayacaq. Tokio Trampa mesaj göndərir ki, gələcəkdə hər hansı bir məsələylə bağlı Tokio ilə razılaşmağa çalışsa ABŞ-ın bölgədəki strateji müttəfiqi Yaponiyanın maraqları nəzərə alınsın. “Atlas” Araşdırmalar Mərkəzi diaaz.space Geri qayıt |