Əsas Səhifə > Dünya > "Əgər Rusiya Navalnı hadisəsini özü araşdırmırsa..."

"Əgər Rusiya Navalnı hadisəsini özü araşdırmırsa..."


8-09-2020, 08:39
"Əgər Rusiya Navalnı hadisəsini özü araşdırmırsa..."
Rusiya Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı ciddi ittihamlar qarşısındadır və əgər rəsmi Moskva açıqladığı kimi bu hadisədə əlinin olmadığını sübut edə bilməzsə, Qərbin və Amerikanın ciddi sanksiyaları ilə üzləşə bilər.

Son olaraq, Almaniyanın xarici işlər naziri Heiko Maas Almaniyanın “Bild” qəzetinə verdiyi açıqlamasında “Əgər yaxın günlərdə Rusiya nələrin baş verdiyini aydınlaşdırmağa kömək etməsə, müttəfiqlərimizlə ona veriləcək cavabı müzakirə etməli olacağıq”-deyib.

«Eurasia Diary» xəbər verir ki, bazar günü Heiko Maas, ciddi ittihamlar səsləndirərək Almaniyanın Aleksey Navalnının zəhərlənməsinin arxasında Rusiyanın dayandığına dair “bir neçə sübutu”nun olduğunu söyləyib. “Navalnının zəhərləndiyi ölümcül maddə əvvəllər Rusiya səlahiyyətlilərinin əlində tapılıb.

“Yalnız az sayda insanın «Noviçok»u əldə etmək imkanı var və bu zəhər Rusiya xüsusi xidmət orqanları tərəfindən keçmiş agent Sergey Skripala qarşı hücumda istifadə edilib”, o, 2018-ci ildə İngiltərənin Solsberi şəhərində törədilən sui-qəsd aktına işarə edərək deyib.

Məlumata görə, Birləşmiş Ştatlar da rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı vəziyyəti diqqətlə araşdıracaq. Bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib və bu məsələyə çox ciddi baxacaqlarını bildirib. Ağ Ev başçısı qeyd edib ki, hələlik onda Rusiyanın Navalnının zəhərlənməsi məsələsi ilə əlaqəsinin ola biləcəyinə dair sübut yoxdur. Eyni zamanda Tramp bildirib ki, əgər Rusiyanın hadisədə iştirakı aşkarlansa, o, “çox qəzəblənəcək”.

Britaniyanın baş naziri Boris Conson Aleksey Navalnının zəhərlənməsi üçün məsuliyyət daşıyanların cəzalandırılmasını təmin edəcəyini vəd edib. O, Rusiyanın aparıcı müxalifət liderlərindən birinə qarşı kimyəvi silahdan istifadə olunmasını hiddət doğuran hadisə adlandırıb. Baş nazir deyib ki, Rusiya hökuməti Navalnının başına nə gətirildiyini izah etməlidir.

Sentyabrın 2-də ABŞ milli təhlükəsizlik şurasının nümayəndəsi Con Ulliot Rusiyanı sinir sistemini iflic edən “Noviçok” maddəsindən dəfələrlə istifadədə ittiham edib. O bildirib ki, Navalnının zəhərlənməsində iştirakı olanlara qarşı sanksiyalar tətbiq ediləcək.

Almaniya hökuməti bildirir ki, Rusiya müxalifət lideri Aleksey Navalnının qan nümunələrinin analizi onun qanında “Noviçok” qrupundan olan sinir-iflic zəhərinin mövcudluğunu göstərib.

Qeyd edək ki, Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən yolda özünü pis hiss etmiş və təyyarə Omsk şəhərində təcili eniş etməli olmuşdu. Müxalifətçi Omsk xəstəxanasında iki gün qaldıqdan sonra Almaniyaya təxliyə edilmişdi. 44 yaşlı Navalnı hələ də Berlindəki “Charite” xəstəxanasının reanimasiya şöbəsində süni yaradılmış tibbi koma vəziyyətindədir. Almaniya bildirib ki, son qan analizinin nəticələri ilə bağlı Rusiyanın bu ölkədəki səfirindən izahat tələb edəcək.

Bəs görəsən, bu hadisələrin nəticəsi olaraq, Rusiya Qərb dövlətlərinin ciddi sanksiyaları ilə üzləşə bilərmi?

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu artıq Rusiyanın ittiham olunduğu neçənci belə zəhərlənmə hadisəsidir: “Birinci dəfə deyil ki, belə bir hadisə baş verir. Müxtəlif zəhərlənmə hadisələri bu illərdə çox olub. Xarici ölkələrdə yaşayan keçmiş Rusiya kəşfiyyatçılarından Aleksandr Litvinenko zəhərləndi, Sergey Skripal zəhərlə öldürüldü, Boris Nemtsov müəmmalı şəkildə Kreml divarları yaxınlığında qətlə yetirildi. İndi də Aleksey Navalnının zəhərlənməsində Rusiya ittiham olunur. Bundan əvvəl Boris Berezovski çox müəmmalı şəkildə Londondakı evində ölü tapılmışdı. Hər dəfə Qərb bu ölümlərdə Moskvanı şübhəli bilir və müəyyən sanksiyalar da tətbiq edir”.

Politoloq onu da vurğuladı ki, Rusiyanın bu hadisəni araşdırmaqda maraqlı olmaması da bu ölkənin zəhərlənmə hadisəsində əli olduğunu göstərir: “Rusiya məsələlərdə əli olmadığını iddia edir. Ancaq maraqlısı odur ki, Rusiya bu məsələlərin ona aidiyyəti olmadığı halda Qərbin sanksiyaları ilə üzləşdiyini görürsə, məntiqlə özü hadisəni araşdırmalıdır. Əgər baş verənlər Rusiyaya qarşı bir iftira və ya təxribatdırsa, özü araşdırsın. Əgər araşdırmırsa, bir komissiya yaratmırsa, o zaman bu iddialar əsaslıdır. Qərbdə Navalnının Rusiya tərəfindən zəhərlənməsi tam təsdiqini taparsa, növbəti sanksiyalar barədə qərar qəbul edilə bilər”.

E.Şahinoğlu hesab edir ki, baş verənləri gözdən keçirsək, Rusiya hakimiyyətini heç bir sanksiya narahat etmir: “Əgər Rusiya sanksiyalardan narahat olsaydı, Krımı ilhaq etməzdilər, Dombasda separatçılara dəstək verməzdilər, bu cür zəhərlənmələr də baş verməzdi. Görünür, Rusiya hökuməti özünə arxayındır, həm bu cür zəhərlənmə halları davam edir, həm də sanksiyalardan çəkinmirlər. Düşünürlər ki, sanksiyaların onların iqtisadiyyatına heç bir təsiri olmayıb. Halbuki Rusiya iqtisadiyyatında vəziyyət ürəkaçan deyil. Böyük şəhərləri çıxmaq şərtilə bölgələrdə vəziyyət pisdir. Ancaq Rusiya düşünür ki, onların kifayət qədər valyuta rezervləri də var, bu sanksiyalar ona təsir etməyə bilər, bu halda da öz siyasətini davam etdirə bilər”.

Geri qayıt