Əsas Səhifə > Ölkə, Manşet > Səfər Əbiyevin oğlunun adı QALMAQALDA
Səfər Əbiyevin oğlunun adı QALMAQALDA16-02-2022, 17:20 |
DİA.AZ: - Yerli KİV-də yayılan iddialardan aydın oldu ki, keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Ruslan Əbiyevə məxsus "Erebus" şirkəti tikinti sektorunda fəaliyyət göstərən "Royal Holding"ə qarşı məhkəmə iddiası qaldırıb. Xəbərdə deyilirdi ki, Əbiyevin şirkəti "Royal Companies Corporation"u aralarında bağlanmış müqavilənin tələblərinə riayət etməməkdə günahlandırır. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılır. Əbiyevin şirkəti qarşı tərəflə bağlanmış icarə müqaviləsinin ləğvini tələb edir. İddiada bildirilib ki, "Royal Companies"ə icarəyə verilmiş qeyri-yaşayış sahəsi boşaldılıb təhvil verilməlidir. Bundan başqa, "Erebus" şirkəti 2019-2022-ci illər üzrə yığılmış 198 min 240 manat icarə haqqını da tələb edir. Xatırladaq ki, 1995-2013-cü illərdə müdafiə naziri olmuş Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev "Erebus” MMC-ni 2004-cü ildə təsis edib. Şirkət yarananda onun 22 yaşı olub və şirkətin nizamnamə kapitalı 20 manatdır. Bundan başqa R.Əbiyev bir müddət öncə Türkiyədə də hotel və turizm sahəsində böyük biznesə sahib olması ilə gündəmə gəlib. Əbiyevin məhkəməyə verdiyi "Royal Companies Corporation" isə Azərbaycanda bir sıra hotel, istirahət mərkəzləri və aqrar komplekslərin tikinti layihələrinin icraçısıdır. Şirkətin baş direktoru hüquq elmləri namizədi, iş adamı Ramil Kərimlidir. O, 2020-ci ildə 32 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd olub. Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, əslində "Erebus" Səfər Əbiyevin Müdafiə Naziri postunu tutduğu dönəmlərdə sözügedən nazirliyə dövlət büdcəsindən ayrılan böyük maliyyə vəsaitlərinin mənimsənilməsində yaxından iştirak edən bir qurum kimi də diqqətə gəlib. Bu barədə danışan mənbə iddia edir ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində həyata keçirilən həbslərlə bağlı dərin hüquqi araşdırma aparılarsa, bu işin bir ucunun da Səfər Əbiyevə gedib çıxacağı heç şübhəsizdir. DİA.AZ xatırladır ki, buna qədər də yerli KİV-də Səfər Əbiyevin oğlu və onun QARANLIQ "EREBUS"u diqqətə gəlmişdi. Hələ bir neçə il əvvəl mətbuatda yazılırdı ki, səfər Əbiyevin oğlu Ruslan Əbiyev Türkiyədə, daha dəqiqi İstanbulda fəaliyyətdə olan İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb. Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur. Daha sonra xəbərlərdə iddia olunurdu ki, 2019-cu ilin sonunda İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş. Hayriyye Tüccari, 33 ünvanından yaxınlıqdakı Laləli,43 ünvanına köçüb. Hər iki ünvanda çoxsaylı ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Türkiyənin rəsmi mənbələrinə görə, Ruslan Əbiyev hələ də Bakıdakı "Qızıl Şərq” hərbi şəhərciyindəki mənzilində qeydiyyatdadır. Bakıda onun Nəcəf bəy Vəzirov küçəsindəki mənzillərdən birində dövlət qeydiyyatına alınmış bir şirkəti də var. "Erebus” MMC-ni yaradarkən onun 22 yaşı vardı. 2015-ci ilin əvvəlində yerli media Ruslanın vergi orqanlarında çalışdığını yazırdı. Lakin indi vergi xidmətində bu adda şəxs yoxdur. Və son olaraq səsi məhkəmə tribunalarından gəlməkdədir. Hələlik iddiaçı kimi... Amma ona qarşı iddiaların olacağı isə gözləniləndir. Əlavə bilgilərimiz olacaq. Bütün bu iddia olunanlarla bağlı isə diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq.... Geri qayıt |