Əsas Səhifə > Ölkə, Manşet > Astara təhsilində nələr baş verir?

Astara təhsilində nələr baş verir?


26-03-2020, 15:35
Astara təhsilində nələr baş verir?
DİA.AZ: - "Bir neçə həftə öncə “Təhsil Araşdırmalar Mərkəzi”nin növbəti hesabatı mətbuata və ictimaiyyətə təqdim olundu. Yazılı və elektron mətbuatda, çoxlu saytlar tərəfindən geniş yer verilən 7 səhifəlik bu hesabatın mahiyyəti və məzmunu barədə sənədin müəlliflərindən biri kimi, ictimaiyyətə və mediamıza açıqlama vermək istəyirəm". Bu barədə DİA.AZ-a qurumdan verilən məlumatda deyilir.

Məlumatda daha sonra bildirilir: "Beləliklə, öncə bunu qeyd etməliyik ki, sözügedən sənəd 1,5 illik həssas çalışmaların nəticəsidir. “Təhsil Araşdırmalar Mərkəzi”nin Astara şəhəri üzrə araşdırmaları üzrə diqqəti daha çox iki məktəb cəlb etdi: 2 saylı və 6 saylı tam orta məktəb. Və biz də bu dəfə onlardan biri üzərində fokuslanmaq qərarına gəldik.

Bildirməliyik ki, F. Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəblə bağlı apardığımız monitorinqlər, məlum səbəblərdən, mümkün qədər gizli yürüdülmüşdür. Tədqiqat çərçivəsində; xüsusi seçilmiş şagirdlər, məzunlar və bəzi işçilərlə söhbətlər aparılandan sonra, yalnız yekun mərhələdə-təqsirkar hesab olunanlarla əlaqə qurulub, onlara məlumat verilmişdir və fikirləri alınmışdır. 2019-cu ilin iyul tarixində, məktəbin keçmiş direktoru Elçin Mirzəzadə və hazırki direktoru Ülviyyə Bayramova ilə telefonla əlaqə qurularaq, fərqli metodlar əsasında onların intellekt və psixoloji hazırlıq durumları və həmçinin suçlandıqları məsələlər, əlavə olaraq yoxlanılmışdır və müvafiq suallar verilmişdir. Nəticədə, onların barəsində mövcud olan və şagirdlərin, məzunların və bəzi işçilərin, həmçinin səs qeydlərinin ortaya qoyduğu proyeksiya, tamamilə öz təsdiqini tapmışdır. Nəticə etibarilə, təsdiqini yetərincə tapmamış iddialar, bir kənara qoyularaq, dəqiqliyi tam yoxlanılmış məlumatlara üstünlük verilmişdir.

Araşdırmalar nəticəsində sübut olunmuşdur ki, həqiqətən də Astara şəhər F. Əliyarov adına məktəbin 2016-2018-cu illər ərzində direktoru olmuş Mirzəzadə Elçin Mirzağa oğlu, direktorluq üçün yetərli dünyagörüş və hazırlığa sahib olmamış, azərbaycan dilini normal bilməmiş, işində ciddi səhlənkarlıqlara və maxinasiyalara yol vermiş, konkret desək, bəzi müəllimlərin dərs fəaliyyətindən uzaq olmalarına hansısa maraqlar müqabilində göz yummuş (məsələn, Axundova (Məmmədova) Ruhəngiz, Əliyeva Elnarə), tarix müəllimi olaraq özünə yazdığı dərsləri bir qayda olaraq tədris etməmiş, ümumiyyətlə öz fənnindən hazırlığı olmamış, tabeliyində olan işçilərə ümumilikdə həqarətlə yanaşmış, anormal meyarlar əsasında fərq qoymuş, bəzi müəllimlərin dərs saatlarını səbəbsiz yerə kəsmişdir. Ən əsası, şagirdlərlə ünsiyyət və davranış qaydalarını aşkarca pozmuş, onların tərbiyə və əxlaqi keyfiyyətlərinin pozulmasına səbəb olacaq yersiz və ədəbsiz ifadə və hərəkətlərə yol vermiş, hətta bəzən təhqir etmişdir (məsələn, çalışqan və nümunəvi şagird Günay Bağıyevanı təhqir edib hədələmiş və bullinqə məruz qoymuşdur). Həmçinin, 2017-ci ildə 23 fevral tarixini-bədnam “kişilər günü”ünü məktəbdə təntənəli qeyd edəcək qədər dövlətə və xalqa xəyanət hesab olunacaq addım atmışdır. Məktəbdə 2018-ci ildə işə başlayan və Yunis Dürüst ləqəbi ilə tanınan psixoloqu (hüquqi adı: Daşqın Əliyev), məktəbin anormal durumuna qarşı çıxdığı üçün çeşidli haqsızlıqlara məruz qoymuş, dəfələrlə təhqir etmiş, ona zəruri olan iş otağı verməmiş və fəaliyyətini məhdudlaşdırmış, tamamilə qeyri-peşəkar formada yazılmış qanunsuz həmkarlar iclası qərarı ilə işdən çıxartmışdır. Bütün bu qanunsuzluqlara rayon təhsil şöbəsinin rəhbəri Rəşad Həsənov dəstək vermişdir. Belə ki, R. Həsənov, onunla görüşən və konkret sübutlar təqdim edən Daşqın Əliyevi vədlər verməklə “yola verməyə” və nəticədə vaxt qazanmağa çalışmışdır. Sonradan Elçin Mirzəzadəni işdən çıxarsa da, bu, sadəcə, “gözdən pərdə asmaq” üçün edilmişdir, belə ki, savadsız və ləyaqətsiz bu şəxsi, nə qədər qəribə olsa da, sonradan özünə “baş məsləhətçi” təyin etmişdir və bununla da, əslində, özünün də hansı səviyyə və ləyaqətə sahib olduğunu aşkarca göstərmişdir.

Rəşad Həsənov məsələ ilə bağlı “Təhsil Araşdırmaları Mərkəzi”nin sorğusundan qaçmış və cənub bölgəsi üzrə koordinator olan Emin Aydın Mirzəlini də sosial şəbəkədə blok edərək öz aləmində məsuliyyətdən yayınmışdır.

Sözügedən məktəbin vəziyyətində son 2 ildə hansısa ciddi dəyişiklik olmaması və əlaqəli şəxslərin, o cümlədən təhsil şöbəsi rəhbərinin hələ də iş başında olması səbəbindən, bütün rayonun təlim və təhsil vəziyyətinin barometri, elə bu təhsil müəssəsi hesab oluna bilər.

Qeyd 1: Hesabatda həmçinin, Astara Polisinin o zamanki işçisinin də adı çəkilir. Belə ki, aşkar təhqir olunmasının səsyazısını və sübutunu polisə təqdim edən Daşqın Əliyevin şikayətinə baxan Astara Rayon Polis Şöbəsinin sahə müvəkkili Abışi Nəcəf Aydın oğlu nədənsə ictimai yerdə şərəf və ləyaqətin aşkar alçaldılması faktı qarşısında laqeyd qalmış və ədalət tələb edən Daşqın Əliyevə hədə-qorxu gəlməyə çalışaraq, hüquq-mühafizə orqanı peşəsinə faktiki xəyanət etmişdir. Məsələ böyüdükdən və etdiyi oyunlar aşkara çıxdıqdan sonra isə tələsik Astara Rayon Polis Şöbəsindəki iş yerini tərk etmiş və Lənkəran Rayon Polis Şöbəsinə keçmişdir. Həmçinin, Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov da bu işdə ona uyaraq, səriştəsizlik və ya məsuliyyətsizlik ucbatından öz işçisinin tələsinə düşmüşdür.

Qeyd 2: Hesabat, məktub şəklində Astara Rayon Təhsil Şöbəsinə, Astara İcra Hakimiyyətinə, sözügedən məktəbin rəhbərliyinə və hazırki direktor Ülviyyə Bayramovaya, həmçinin, həmin dövrdə direktor işləmiş və hazırda rayon təhsil şöbəsinin baş məsləhətçsisi olan Mirzəzadə Elçin Mirzağa oğluna, həmin zaman Astara polisində işləmiş və hadisələrdə adı hallanan Abışi Nəcəf Aydın oğluna, Astara Rayon Polis Şöbəsinə və ən nəhayət, Təhsil Nazirliyinə və Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur.

Qeyd: Hesabatda istifadə olunan faktlara dair əlavə dəlilləri, tezliklə yutub kanalımızda açıqlayacağıq və mediaya təqdim edəcəyik".



diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt