MÜSAVAT GƏLƏN İL QURULTAY EDİR
Tarix: 12-12-2011, 15:27 |
Çap et
“YAXIN GÜNLƏRDƏ 15-DƏN ARTIQ YERLİ TƏŞKİLATDA KONFRANSLAR OLACAQ”
Müsavat Partiyasının qurultayı 2011-ci ildə keçirilməyəcək. Başqan müavini Gülağa Aslanlı “Media forum” saytına açıqlamasında deyib ki, qurultay 2012-ci ildə baş tutacaq. Onun sözlərinə görə, indiyədək partiyanın 40-dan artıq yerli təşkilatında qurultaya hazırlıq konfransları keçirilib, nümayəndələr seçilib: “Yaxın günlərdə 15-dən artıq yerli təşkilatda konfranslar olacaq”.
Gülağa Aslanlı deyib ki, dekabrın 24-də Müsavat Məclisinin toplantısı planlaşdırılır: “Məclisin toplantısında Müsavat Partiyasının qurultayının gününü müəyyən edəcəyik. Əgər Məclis qurultayın yanvar ayının sonunda keçirilməsinə qərar versə və Bakı Şəhər İcra Hakimiyyəti münasib yer ayırsa, biz qurultayı həmin vaxt reallaşdıra bilərik”.
Başqan müavini deyib ki, qurultayın 2011-ci ildə baş tutmaması hakimiyyətin yaratdığı problemlərlə bağlıdır: “Ən böyük problem Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Gənclər Təşkilatının sədri Tural Abbaslı və başqa fəallarımızın həbsdə olmasıdır. Bundan başqa bir çox rayonlarda Müsavat Partiyasının yerli təşkilatlarının ofisi yoxdur. Bəzi rayonlarda hakimiyyət nümayəndələri konfransların baş tutmasına imkan vermirlər. Ona görə də əksər rayonlarda konfransları gizli keçirməyə məcbur oluruq. Hakimiyyət əlində olan bütün imkanları səfərbər edir və Müsavatın konfranslarına problemlər yaradır. Bütün bunlara baxmayaraq biz işimizin bir qismini görə bilmişik”.