Əsas Səhifə > Sosial, Manşet > Bakının bu kəndində məmur zülmü ərşə dirənib – Türkan qəsəbəsinin sakinlərini eşidən yoxdur
Bakının bu kəndində məmur zülmü ərşə dirənib – Türkan qəsəbəsinin sakinlərini eşidən yoxdur8-09-2014, 11:19 |
DİA.AZ: - “Türkan qəsəbə bələdiyyəsinin keçmiş sədri və indiki icra nümayəndəsi Hacı Rahil Babayevin törətdiyi qanunsuzluqlar sakinlərin sözün əsil mənasında səfalət içərisində yaşamalarına səbəb olur”. Bu barədə DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir. Şikayətçilərin yazdıqları məlumatlarda bildirilir ki, qəsəbədə torpaq sahələri sakinlərin xəbəri olmadan satışa çıxarılır, hərracdan kənar satılır və ərazilər zəbt edilir. Türkanın dəniz sahili ərazilərində 100 hektarlarla torpaq sahələri ayrı-ayrı şəxslərə satılsa da, bu ərazidə qəsəbə sakinlərinə pay torpaqlarının verilməsi qadağan edilib. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırır, qəsəbə sakinlərinin minimum dolanışıqlarını təmin etmələrinə mane olurlar. diaaz.space-a daxil olan məlumatlarda qeyd olunur ki, son 4-5 il ərzində Rahil Babayev bir neçə dəfə növbəli olaraq Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri vəzifələrini tutub. Rahil Babayevi tutduğu vəzifələrdən uzaqlaşdırsalar da, yerinə təyinat zamanı mütləq şəkildə onun rəyi nəzərə alınır. Mənbələrin iddiasına görə bələdiyyə sədri vəzifəsindən çıxarılandan sonra da Hacı Rahil öz adamı olan Sabir Əliyevi həmin posta təyin etdirə bilib. Qəsəbədə böyük səlahiyyətlərə sahib olan Hacı Rahilin razılığı olmadan Türkanda bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Redaksiyamıza daxil olmuş məlumatlarda isə bələdiyyə sədrinin və icra nümayəndəsinin birgə törətdikləri müxtəlif maxinasiyalardan da bəhs olunur. Bildirilir ki, Türkanda külli-miqdarda torpaq sahələri imkanlı şəxslər tərəfindən mənimsənilib. Hacı Rahil Babayevin və bələdiyyə sədri Hacı Sabir Əliyevin kənddə törətmədikləri özbaşınalıq yoxdur. Sakinlərə qanunla ayrılmış pay torpaq sahələrinin sənədləşdirilməsi üçün onlar insanlardan 7000 manat məbləğində pul tələb edirlər. Digər bir “diqqətəlayiq mənzərə” də qəsəbənin zibilliklərində müşahidə olunur. Bələdiyyə sədri və icra nümayəndəsi isə hətta küçələrə qoyulmalı olan zibil yeşiklərini belə sakinlərə 50 manata satırlar. Satılmış, lakin yiyəsiz-baxımsız qalmış ərazilər əsil anti-sanitariya mənbəyinə çevrilmişlər. DİA.AZ-a bu barədə narazı sakinlər yazır: “Ümumiyyətlə bu gün Türkanda korrupsiya baş alıb gedir. Türkanın bəxti heç bir məmuru sarıdan gətirməyib”... Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |