Əsas Səhifə > Sosial, Manşet > İran yenə də Bakı ilə münasibətlərini pozmağa cəhd edir – Azərbaycandakı dindar məhbuslara fars-molla rejimindən dəstək
İran yenə də Bakı ilə münasibətlərini pozmağa cəhd edir – Azərbaycandakı dindar məhbuslara fars-molla rejimindən dəstək19-05-2014, 09:55 |
DİA.AZ: - Son günlər rəsmi Bakı ilə dil tapdığını hiss etdirən İrandakı fars-molla rejiminin əslində Azərbaycan həbsxanalarında saxlanılan dindar məhbuslarla bağlı bir neçə dəfə tələb səsləndirdiklərini bildirmişdik. Onu da bildirək ki, prezident İlham Əliyevin İran səfərində də bu məsələnin müzakirə olunduğu söylənilir. Amma Azərbaycan tərəfi iranlı məhbusları ölkələrinə təhvil versə sə, Azərbaycan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşı olan İran yandaşları ilə bağlı eyni qərarı vermədi. DİA.AZ bildirir ki, artıq bu səbəbdən rəsmi Tehran bir kampaniyaya da start verib. Bu barədə İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “Arannews” portalında məlumat yer alıb. diaaz.space olaraq həmin xəbəri təqdim edirik: “Müqəddəs Qum şəhərində Azərbaycan Hicab Məhbuslarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan komitənin sədr müavini, Əhli-Beyt (ə) səmasının 7-ci parlaq ulduzu İmam Musa Kazimin (ə) şəhadət ildönümü münasibətilə Əsrin İmamı (əc), Cənab Rəhbər, dünya müsəlmanlarına və ədalətsevər insanlara başsağlığı verib. İmam Sadiqin (ə) əziz oğlu İmam Kazimi (ə) Əbu-İbrahim adı ilə də çağırıblar. İmam (ə) hicri 128-ci ildə Məkkə və Mədinə arasındakı Əbvada dünyaya göz açıb, 183-cü ildə Kazimeyndə şəhadətə yetirilib. İmam (ə) həm də İmam Riza (ə) və xanım Məsumənin (sə) atasıdır. Sonra komitə sədri çıxış edib. O, 2008-ci ilin sonunda «Həftə içi» qəzetinə müsahibə verən AİP sədri Mövsüm Səmədovun Qərb, ABŞ, İsrail əleyhinə çıxışlarını, 10 dekabr 2010, 5 oktyabr 2012, 6 may 2014-ci il tarixli hicab aksiyalarını, yada salıb. Komitə sədri 25 may-3 iyun günlərinin İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü kimi qeyd olunmasını təklif edib. Təklif müzakirəyə çıxarılıb və komitə rəhbərliyi, fəalların, tələbələrin yekdil razılığı ilə qəbul edilib. Komitə iclasının gedişində bəyanat hazırlanıb və bu bəyanatla islamçı məhbuslardan dolayı narahatlığı davam edən Azərbaycan dini cameəsinə müraciət edilib. Bəyanatın mətni ilə tanış olun: İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü ilə bağlı bəyanat Bismillahir-Rəhmanir-Rəhim Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsi İslam tarixində həbs həyatı, işkəncələrlə yadda qalmış İmam Musa Kazimin (ə) şəhadət ildönümü günündən başlayaraq Azərbaycanda İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü keçirilməsinə qərar verib. Bu ongünlüyə dəyərli tarixlər daxildir: 25 rəcəb İmam Musa Kazimin (ə) şəhadət ildönümü, 27 rəcəb Məbəs bayramı, 3 şəban İmam Hüseynin (ə) mövlud ildönümü, 4 şəban həzrət Əbülfəzlin mövlud ildönümü, 5 şəban İmam Səccadın (ə) mövlud ildönümü. HHMMK Azərbaycan dini cameəsinə, bütün ədalətsevər, əhli-beytsevər azərilərə müraciət edərək bu ongünlüyü islamçı məhbusların azadlığı yolunda bir hərəkata çevirməyə çağırır. Bu ongünlükdə konfransalar, seminarlar keçirmək, islamçı məhbuslara və onların ailələrinə baş çəkmək, Azərbaycanın din və vətən yolunda canından keçmiş oğullarının qəbrini ziyarət etmək, broşurlar, kitabçalar, CD-lər hazırlamaqla cəmiyyətimizi onun gələcəyini hədələyən unutqanlıq halından çıxarmaq nəzərdə tutulur. Əziz azərilər! Əziz həmvətənlər! Dini dəyərlər və dini fəalların həbsi ilə barışmaq millətimizə heç bir xoş vəd vermir. Onlar mətbuatda, toplantılarda, meydanlarda “İslama azadlıq”, “Hicaba azadlıq!” deyə fəryad qopardılar və bu fəryadları ilə din düşmənlərinin qəlbinə qorxu saldılar. Bu böyük insanlar çirkin şəkildə şərlənərək sifarişli məhkəmələrin hökmü ilə azadlıqdan məhrum edildilər. Onların müqəddəs işini davam etdirmək biz müsəlmanların borcudur. İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü dini cameəmizdə dirçəliş, oyanış günləri olacaq. Həmin ongünlükdə ölkə daxilində və xaricdə Azərbaycanın islamçı məhbusları, vicdan məhbusları, siyasi məhbusları xatırlanacaq. Həmin tədbirlər uzun müddətə azadlıqdan məhrum edilmiş Azərbaycan oğulları üçün bir təsəlli olacaq, cəmiyyətimizi durğunluqdan qurtaracaq. İclasda bu tarixi ongünlük üçün işçi proqram təklif olunub: 1.Məhbusların fəaliyyətlərini dəyərləndirmək məqsədi ilə mərasimlər keçirmək; 2.Bu ongünlükdə müxtəlif münasibətlərlə keçiriləcək tədbirlərdə islamçı məhbusları yada salmaq; 3.Məhbus ailələri ilə görüşlər təşkil etmək; 4.Mətbuatda, xüsusilə İslam mətbuatında ongünlük boyu məhbusların həyat və fəaliyyətlərini işıqlandırmaq; 5.Ongünlüklə bağlı sosial şəbəkələrdə aparılan kampaniyalara qoşulmaq; 6.Məscidlərdə və dini yığıncaqlarda məhbusların azadlığı üçün dua və təvəssül; 7.Məhbusların azadlığı üçün fərdi qaydada dua və zikrlər; 8. “İslamçı Məhbuslara Azadlıq” devizi altında konfrans, seminar, dəyirmi masaların təşkili; 9.Məhbusların həbsxana problemlərinin aradan qaldırılması üçün yardım; 10.Məhbus ailələrinin normal həyat səviyyəsinin təmini üçün yardım, məhbus övladlarına təhsil, iş və ailə qurmaqda yardım; 11.Məhbus ailələri üçün ölkə daxili və xaricdə ziyarət səfərlərinin təşkili; 12.Məhbus ailələri üçün bank hesablarının açılması və azadlıq gününə qədər maddi dəstək; 13.Hazırkı və keçmiş məhbusların ziyarəti, maddi və mənəvi dəstək; 14.Məhbusların azadlığı üçün imza toplamaq, səlahiyyətli orqanlara müraciət etmək; 15.İslamçı məhbusların unudulmaması ilə bağlı Allah-Taala, Əsrin İmamı (əc) ilə əhd-peyman bağlamaq, sədaqət andı içmək. Yaşasın İslam! Yaşasın Ədalət! Yaşasın fədakarlıq və isar! Yaşasın din və ədalət yolunda özünü oda atanlar! O gün uzaqda deyil. Yaxın gələcəkdə biz bütün islamçı məhbusları, vicdan məhbuslarını öz aramızda görəcəyik. Təbii ki ali məqsədimiz yolunda bu ongünlüyün öz sözü olacaq. Salam olsun Sənə, ey Rəsuləllah! Salam olsun sizə, ey Əhli-Beyt (ə) şəhidləri! Salam olsun Sənə, ey İmam Musa Kazim (ə)! Allahın salam və rəhməti olsun Onun saleh bəndələrinə! Hicab və Hicab Məhbusları Müdafiə Komitəsinin mətbuat xidməti” Geri qayıt |