Əsas Səhifə > Sosial, Manşet > Texniki Universitet NECƏ AĞLAR GÜNƏ QOYULUR...
Texniki Universitet NECƏ AĞLAR GÜNƏ QOYULUR...7-01-2022, 09:47 |
DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu, yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik". DİA.AZ bildirir ki, bu barədə AzTU-nun bir qrup müəllimi adından edilən müraciətdə deyilir. ƏVVƏLİ BURADA: Texniki Universitetdə YENİ OYUNBAZLIQLAR... - Rektorun ilginc idarəetmə üsulu... DİA.AZ olaraq həmin müraciətin davamını təqdim edirik: "Prorektor N.Yusifbəylinin AzTU-ya gəlişi onunla əlamətdar oldu ki, o, son iki ildə universitetdə həddən artıq dərəcəyə çatmış bürokratik sistemi daha da bürokratikləşdirməyə başladı. Özünü tədris işinin rəhbəri kimi göstərərək, tədris materiallarını yenidən təftiş edərək, onsuz da universitetdə geniş vüsət almış kağız-kuğuz işini dözülməz dərəcəyə çatdırdı. Məsələn, əvvəllər 3-4 səhifə həcmində olan sillabuslar indi artırılaraq, bəzən 20 səhifəyə çatdırılıb, lazımsız informasiya ilə doldurulub. Bu tədris ilinin payız semestrində isə sillabuslar yalnız semestrin sonuna yaxın, artıq öz əhəmiyyətinin itirdikdə təsdiq edilib. Sillabusları təsdiq etdirmək böyük bir problemə çevrilib, onları kiçik bir bəhanə ilə düzəliş edilmək üçün geri qaytarırlar və kafedralarda qalaq-qalaq lazımsız sillabus nüsxələri yığılıb, qalıb. Başqa tədris sənədləri də bunun kimi. AzTU-nun tarixində ilk dəfədir ki, tədris ili üçün professor müəllim heyətinin tədris yükü dekabr ayında, yəni tədris ilinin yarısı keçdikdən sonra təsdiq edildi. Rektorun bəyənmədiyi keçmiş AzTU-da isə tədris yükləri iyul ayında, müəllimlər məzuniyyətə çıxmazdan əvvəl təsdiq edilərdi. Bunda isə rektorun “günahı” daha böyükdür, nəinki, prorektorun. Bütün bunlar isə tədris prosesində xaos yaradır, onu normal məcrasından çıxarır. Müəllimlər dərs deyə-deyə onların tədris yükləri dəyişdirilir. İndi müəyyən əhəmiyyətli vəzifələrə öz kadrlarını yerləşdirmək uğrunda rektorla prorektor N.Yusifbəyli arasında rəqabət başlamışdır. Belə ki, N.Yusifbəyli universitetə gələn kimi dərhal “Energetika və avtomatika” fakültəsinin dekanı və iki kafedranın birləşdirilməsi ilə yaradılmış, bir əndrəbadi adla adlandırılmış “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” (???) kafedrasının müdiri vəzifələrinə öz adamlarını gətirdi. Artıq hiss olunur ki, N.Yusifbəyli rektorun adamlarını sıxışdırmağa başlamışdır. Ancaq bu məsələdə bəzi müsbət məqamları da qeyd etmək lazımdır. Məsələn, N.Yusifbəylinin təkidi ilə rektorun “kadrlarından” olan ibtidai sinif müəlliməsi təhsili almış Qəmər İsayeva universitetdə tədrisi faktiki olaraq idarə etməli olan Tədris hissəsinin müdiri vəzifəsindən kənarlaşdırıldı ki, bunu da yalnız müsbət hal kimi qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, rektor V.Vəliyevin AzTU-da işlədiyi iki ildə yeni təyin edilən müdir artıq 4-cü Tədris hissə müdiridir. Müxtəlif rəhbər vəzifələri tutan şəxslər iki il ərzində artıq 3-cü, 4-cü dövrə üzrə dəyişdirilir. Ümumiyyətlə, son iki ildə AzTU-da kadr siyasəti fəlakətli həddə çatmışdır və bunun səbəbləri haqqında ətraflı danışmaq lazımdır. Bu kadr siyasətinin səbəblərini universitet rəhbərliyinin arxasında duran regional klanların və onların şəxsi himayədarlarının təsirində axtarmaq lazımdır. Rektor V.Vəliyevin şəxsi himayədarı kimdir? Onun himayədarı Nazirlər Kabinetində kifayət qədər yüksək vəzifə tutur və hələlik onun adını demək istəmirik. Belə bir adamın dəstəyini hiss edən V.Vəliyev heç nəyə məhəl qoymayaraq, öz dağıdıcı fəaliyyətini davam etdirməkdədir. Və heç də qəribə deyil ki, bunu bilən universitetlərin fəaliyyətinə nəzarət etməli olan müxtəlif təşkilatlar da onun xətrinə dəymirlər. Ancaq, bundan daha böyük bəla bizdə olan regionçuluq siyasətidir. Bu regional klanların daxili qayda-qanunlarının heç də hamısı bizə məlum deyil. Ancaq bəzilərini deyə bilərik. Əgər məsələn, V.Vəliyev hansısa bir regionun nümayəndəsidirsə, onun məxsus olduğu regional klan onu vəzifəyə gətirir, onun arxasında durur və lazım gələndə onu müdafiə edir. Əvəzində isə V.Vəliyev həmin klanın göstərişlərini yerinə yetirməlidir. Göstəriş isə əsas etibarilə onun rəhbərlik etdiyi universitetdə həmin region nümayəndələrini yerləşdirmək, işlə təmin etməkdən ibarətdir. V.Vəliyev AzTU-ya rəhbərlik etdiyi iki ildə yüzlərlə yeni adamı işə götürmüşdür, onların sayını yəqin indi heç özü də bilmir. Bunların arasında, mətbuatda konkret adları göstərilən onun yaxın qohumları və hətta ailə üzvləri də vardır. Ancaq aydındır ki, bir adamın yüzlərlə qohum-qardaşı, dostu-tanışı ola bilməz. Məsələ bundadır ki, onun universitetə yerləşdirdiyi digər adamlar onun klanının onun yanına göndərdiyi adamlardır. Onların çoxunu yəqin ki, V.Vəliyev heç şəxsən tanımır da. Həmin regiondan olan şəxslər və ya onların əkmə-törəmələri işlə təmin olunmaq üçün klana müraciət edirlər, klan isə onları V.Vəliyevin yanına göndərir və o da onları işə qəbul etməyə borcludur. Əks halda klanın dəstəyindən məhrum edilə bilər. Buna görə də V.Vəliyev yəqin ki, özü də başa düşsə də daim lazımsız struktur dəyişiklikləri aparmalı, köhnə işçiləri müxtəlif yollarla sıxışdırıb, əvəzinə yenilərini qəbul etməlidir. Bunun nəticəsində isə AzTU-nun strukturu başqa heç bir universitetə bənzəməyən eybəcər bir şəklə düşüb, həddən artıq şişirdilib və yenə də dəyişdirilməkdə davam edir. Universitetin ştat tərkibinin sayı isə qeyri-məhdud deyil. Həm də onların hamısına maaş vermək üçün vəsait lazımdır. Rektor V.Vəliyevin yerlipərəstliyinin sübutu kimi bir də bunu göstərmək olar ki, universitetdə əvvəlki prorektorlardan vəzifəsində yalnız Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov qalıb ki, o da V.Vəliyevlə eyni regionun nümayəndəsidir". DAVAMI VAR... İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləmıyə hazırıq... Geri qayıt |