DİA.AZ: - «Qarşıdan gələn parlament seçkilərində sürprizlər ola bilər». Bu şok məlumatı DİA.AZ-a verən hökumətdəki məlumatlı mənbə iddia edir ki, 2015-ci il seçkilərində hazırda parlamentdə təmsil olunan və hakim Yeni Azərbaycan Partiyasının üzvü olan 20-yə yaxın deputatın namizədliyinin irəli sürülməməsi gözlənilir.
Mənbə diaaz.space-a açıqlamasında iddia edir ki, hakim partiya özünün deputat siyahısına ciddi əl gəzdirməyi düşünür:
«Hazırda deputat olan 20 YAP-çının namizədliyi irəli sürülməyəcək. Onların əvəzinəi yenilərinə «stavka» olunacaq. Əslində bu addım hakimiyyətin YAP-la bağlı böyük planının tərkib hissəsidir».
Məlumatı verən qaynaq onu da bildirir ki, mandatsız qalan YAP-çılar da unudulmayacaq: «Artıq neçə müddətir belə bir ənənə var və 2015-ci ildən sonra bu ənənə inkişaf etdiriləcək. Yəni YAP-çılar - mandatını itirmiş YAP-çılar ayrı-ayrı dövlət qurumlarında vəzifələrə təyin olunacaq».
Onu da xatırladaq ki, artıq tanınmış YAP-çılardan bəziləri vəzifələrə təyin olunublar. Məsələn, YAP-ın icra katibi olan Əli Əhmədov son prezident seçkilərindən sonra baş nazirin müavini postuna təyin olunub. Digər YAP-çı deputat Mübariz Qurbanlı isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
Məlumatlı mənbə diaaz.space-a bildirir ki, hakimiyyətin hakim partiyaya bir kadr bazası kimi yanaşma siyasəti gələn il də prioritet kursa çevriləcək.