Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?"
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?"Bu gün, 11:05 |
Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 saylı orta məktəb üç il əvvəl təmir adı ilə bağlanıb və bu günə qədər istifadəyə verilməyib. Bu müddət ərzində məktəbin 600-dən çox şagirdi təhsillərini xeyli uzaqda yerləşən 1 saylı məktəbdə davam etdirməyə məcbur qalıblar. Uzaq məsafə, pis hava şəraiti və təhlükəsizlik problemləri isə həm valideynləri, həm də şagirdləri ciddi narahat edir. “Gündəlik Naxçıvan”a danışan sakinlər bildirirlər ki, məktəbin yenidən qurulması tamamlanmaq üzrəykən FHN ciddi tikinti nöqsanları aşkarlayıb və istifadəyə yararsız elan edib. Daha sonra bəzi hissələr sökülsə də, işlər maliyyə çatışmazlığı adı ilə tamamilə dayandırılıb. Sakinlərdən Z. Həsənov deyir ki, şagirdlər qışın şaxtasında və yayın istisində kilometrlərlə uzaqda yerləşən məktəbə piyada və ya taksi ilə gedib-gəlmək məcburiyyətində qalırlar. Bu isə həm maddi, həm də fiziki çətinliklər yaradır: “Evlərimiz onsuz da məktəbdən uzaq idi, indi məsafə daha da böyüyüb. Uşaqlar 4 kilometr yol qət etməli olurlar. Qarşıdan qış gəlir, amma hamının maşını yoxdur ki, uşaqları aparıb-gətirsin. Hər gün bu yolu qət etmək uşaqlar üçün çətindir, üstəlik təhlükəlidir. Yol asfalt olsa da, hər an maşın vurmaq təhlükəsi var.” Digər sakin N. Qədirov isə məktəbin təmir olunub istifadəyə veriləcəyinə şübhə ilə yanaşır: “Qərar verilib ki, Azərbaycanda məktəblərin sayı azaldılsın. Yəqin ki, vəziyyətdən istifadə edib bu məktəbi də ixtisara salacaqlar. İl yarım əvvəl təmir başladı, dedilər ki, məktəb standartlara uyğun olmayıb. Sonra söküldü, amma indi heç bir iş getmir. Maliyyə olmadığını deyirlər, amma əvvəl ayrılan pulla iki məktəb tikmək olardı. Sanki məktəbin tamamlanması heç kəsi maraqlandırmır.” 2022-ci ildə təmir zamanı məktəbin divarlarından birinin çökməsi üç işçinin həyatına son qoymuşdu. Məsələ ilə bağlı cinayət işi açılsa da, buna görə heç kim məsuliyyətə cəlb olunmayıb. Üstəlik, məktəbin yenidən tikintisi ilə bağlı proseslərdə də ləngimələr müşahidə olunur. Sakinlər bu vəziyyəti maliyyə yeyintisi ilə əlaqələndirirlər: “Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır? Heç kim cavab vermir. Uçqunda üç nəfər öldü, məktəb də tikilmədi, amma heç kəs cəzalandırılmadı. 600-dən çox uşaq qışın soyuğunda əziyyət çəkir, amma heç kimin vecinə deyil. İllərdir işin bitməsi ilə bağlı vədlər verilir, amma nəticə yoxdur.” Valideynlər aidiyyəti qurumlara müraciət edərək, məktəbin tezliklə təmir olunub istifadəyə verilməsini tələb edirlər. Geri qayıt |