Əsas Səhifə > Üçüncü sektor, Manşet > Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?28-11-2024, 11:01 |
Dünən mediada övladlarının təhsil aldığı orta məktəbdə istiliyin olmadığından şikayətlənən valideynlərin narazılığı ilə bağlı məlumatlar yayılmışdı. “Sumqayıt şəhəri, Bağlar massivi, Aşağı Mollu kənd tam orta məktəbində övladım təhsil alır. Məktəbdə qızdırıcı radiator olsa da, bu sadəcə görüntü üçündür. Çünki həmin məktəbdə istilik yox səviyyəsindədir. Demək olar ki, siniflərin əksəriyyəti soyuqdur. Koridordakı radioatorların əksəriyyəti işləyir. Bir otaqda iki qızdırıcı varsa birini bağlayırlar ki, o birinə istilik getsin. Bu zaman isə sinif soyuyur. Çünki aparat balacadır” Bunu açıqlamasında adının çəkilməyini istəməyən şikayətçi valideyn bildirib. Daha bir valideyn isə iddia edib ki, özləri məktəbi peçlə təmin edib:“Uşaqlardan pul yığıb otaqlara qızdırıcı alıblar. Bu təşəbbüs də əslində uşaqlardan, valideynlərdən gəlib. Çünki otaqlar soyuq olur. Məktəblilər tez-tez xəstələnirlər. Hətta soyuq olanda uşaqlar isti üst geyimləri ilə dərsdə otururlar. Qış hələ qarşıdadır. Birazdan vəziyyət daha dözülməz olacaq. Çox istərdik ki, məktəbimiz üçün əlavə istixana tiksinlər” deyə şikayətçi bildirib. Aktualinfo.org validynlərin bəhs etdikləri, Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi ətrafında araşdırma aparıb. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsi Abşeron r.nu ərazisində yerləşən ümumtəhsil orta məktəbləri,uşaq bağçaları və körpələr evinin və Sumqayıt şəhər ərazisində yerləşən uşaq və körpələr evinin binalarının isidilməsinin təmin edilməsi üzrə 15.11.2024-cü ildə bir mənbədən satınalma metodu tətbiq etməklə “MAHMUD” kəndli fermer təsərrüfatı ilə 1.285.564,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, Abşeron – Xızı Regional Təhsil İdarəsi “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;satınalma predmetinə təcili tələbat yarandıqda. Göründüyü kimi Abşeron – Xızı Regional Təhsil İdarəsi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır. Abşeronda və yaxud Sumqayıtda “MAHMUD KFT”-dən başqa analoji işlərlə məşğul olan şirkət yoxdur? Sözügedən fermer təsərrüfatı ilə birbaşa müqavilənin bağlanılmasında təbii ki, maraqlı olan tərəflər var. Çünki sözügedən şirkət Sumqayıt və Abşeron məktəblərinin “isidilməsi” üzrə çoxdan püxtələşib. Bu barədə bir qədər sonra. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAHMUD” kəndli fermer təsərrüfatı (VÖEN: 3100051111 ) 22.05.2001-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, qanuni təmsilçisi kimi isə İsmayılov Orxan Bilal oğlu qeyd olunub. Reyestr məlumatlarında şirkət F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLI MAHMUD KƏNDLİ FERMER TƏSƏRRÜFATI kimi dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi Abbasov Elbrus Mahmud oğlu olub. O, həm də Abşeron rayonunda fəaliyyət göstərən “İstilik” MMC-nin drektoru olub, 2019-cu ildə dünyasını dəyişib. Qeyd edək ki, “MAHMUD” kəndli fermer təsərrüfatı daha əvvəllər də Sumqayıtda məktəblərin isidilməsi üzrə keçirilmiş tenderlərin qalibi olub. Hələ 2021-ci ildə Təhsil Nazirliyinin 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzi təhsil müəsisələrinin isidilməsi üzrə 480 000 manat məbləğində satınalma müqaviləsi 19.04.2021-ci il tarixdə “MAHMUD KFT” ilə bağlanmışdır. Sözügedən Mərkəz 22.10.2021-ci ildə isə “MAHMUD KFT” ilə 750.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Apardığımız araşdırmalardan da göründüyü kimi “MAHMUD” Kəndli Fermer Təsərrüfatı Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi üzrə milyonlarla dəyəri olan tenderlərin qalibi olub. Bununla belə övladları Sumqayıt təhsil ocaqlarında oxuyan valideynlər məktəblərin isidilməməsindən şikayətçidirlər. Belə olan halda məktəblərin isidilməsinə ayrılan külli miqdarda dövlət vəsaitləri hara gedir? Qeyd edək ki, Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadı. O, bu vəzifəyə təhsil nazirinin 29 aprel 2022-ci il tarixli əmri ilə təyin edilib. Aktualinfo.org Geri qayıt |