Əsas Səhifə > Şou-biznes > "Tələbələrimə tövsiyyə edirəm ki, abır-həyanızı qoruyun..."

"Tələbələrimə tövsiyyə edirəm ki, abır-həyanızı qoruyun..."


16-12-2024, 00:04
"Tələbələrimə tövsiyyə edirəm ki, abır-həyanızı qoruyun..."
“Əgər qızımın istedadı olmasaydı ona dəstək olmazdım. Mən həmişə deyirəm ki, valideynlər uşaqlarına məcbur etməsinlər ki, sən filan sənətə get. Onlara mane olmaq olmaz. Çünki uşağı həvəsi olan sənətə yönləndirəndə orada daha çox uğur qazanır”

Bunu Moderator.az -a açıqlamasında xalq artisti Zümrüd Məmmədova deyib. O daha sonra bəstəkar olan qızı İlahə Qismətdən danışıb:

“Qızım İlahə uşaq vaxtlarından çox istedadlı idi. İncəsənət gendən gəlir. Bunun qarşısını almaq olmur. Düzdür, mənim anam filoloq idi, müəllim idi, amma gözəl heykəltəraş nümunələri yaradırdı, rəsmlər çəkirdi. Atam da tarixçi idi, amma gözəl tar ifa edirdi. O vaxt Əhməd Bakıxanov atama tar bağışlamışdı. O tarı indi də göz bəbəyim kimi qoruyuram. Qızım İlahə Qismət o vaxt hələ körpə olanda ağlağan idi. İbrahim Tatlısəsin “Haydi söylə” mahnısı yeni çıxmışdı. Hamı onu dinləyirdi. Biz də evdə o mahnını qoşanda İlahənin ağlamağı dayanırdı. Mahnı bitən kimi ağlamağa başlayırdı. Onda başa düşdüm ki, bu mahnıyla yatıb-durur. 3 yaşı olanda o vaxtkı Respublika sarayına getmişdik, dövlət konserti üçün məşq etməli idim. “Cücələrim” ansamblı da orada idi. Müəllimləri onlara məşq etdirirdi. Onlar necə rəqs edirdilərsə, İlahə də elə oynayırdı. Bir də gördüm ki, “Cücələrim”-in rəhbəri yanıma gəldi, dedi ki, nə gözəl oynayır, bu kimin qızıdır? Dedim ki, mənim. Dedi İlahəni ver bizim ansambla. Dedim axı onun 3 yaşı var, halbuki ansambla 6 yaşında götürürdülər. Dedi ki, eybi yox, o bizim ən balaca cücəmiz olar. Daha sonra 6 yaşı olanda “Cücələrim”-dən gəldi “Bülbül” adına orta ixtisas məktəbinə. Orada da bəstəkarlığı öyrəndi, fortepianoda ifa etməyi öyrəndi, həm də gözəl səsi olduğu üçün onu muğam sinfinə qoydum. İstədim gələcəkdə bəstələdiyi əsərlərin hansı muğam üstündə olduğunu bilsin. Oranı da bitirib Bakı Musiqi Akademiyasına, görkəmli bəstəkar Arif Məlikovun rəhbərlik etdiyi bəstəkarlıq sinfinə daxil oldu. Eyni zamanda da Eyyub Quliyevdən simfonik dirijorluğun dərsini aldı. Mən İlahənin istedadına mane olmadım. Ona bu sahənin çətinliklərini də bildirmədim, zatən daha sonralar özü görəcəkdi. İncəsənətin sonu yoxdur, hər zaman yeni axtarışlarda olmalısan. Bir sözlə incəsənət dəryadır. O bataqlıq səni çəkir, ordan çıxa bilmirsən. Əgər sən sənətini sevirsənsə, onun ardınca gedəcəksən. İlahənin 4-cü sinifdə oxuyarkən Müdafiə Nazirliyinin Əlahiddə Nəfəsli Alətlər orkestri üçün yazdığı “Müqəddəs vətən” adlı əsərini orkestr bu gün də efirlərdə, dövlət konsertlərində ifa edir. Bu uşağa mən necə kömək etməməliydim? Çox qürur hissi keçirirəm ki, incəsənətimizə qızım İlahə Qismət adında bir övlad bəxş etmişəm. O da bir çox əsərlər yazır. Şuşa ilinə görə “Dəmir yumruq” zəfər baleti yazdı. Onun da təqdimatı çox möhtəşəm oldu. Qızım İlahə Qismət Azərbaycan Bəstəkarlar İttifaqı Gənclərlə iş bölməsinin rəhbəri, Bakı Musiqi Akademiyasının (BMA) doktorantı və Elmi-tədqiqat mərkəzinin əməkdaşıdır” deyə sənətkar bildirib.

Xalq artisti arzularından da danışıb:

“Böyük arzum budur ki, efirlərdə bayağılıq azalsın, bizim kimi sənətkarların tam arxayın, rahatlıqla çıxa biləcəyi verilişlər çox olsun. Gənclərimizə meydan açılsın ki, onların da arzuları ürəklərində qalmasın. İncəsənətimiz daha da çoxşaxəli olsun, gözəl səslər meydana gəlsin. Gənclərimiz geyimlərinə fikir versinlər. Mənə bəzən deyirlər ki, Zümrüd xanım, siz qoymayın biədəb gənclərimiz efirlərə çıxsınlar..Onlara izah edirəm ki, mən nə edə bilərəm? Öz tələbələrimə tövsiyyə edirəm ki, abır-həyanızı qoruyun. Halbuki heç mənim tələbələrimi də efirlərə bir o qədər də çox dəvət etmirlər” deyə sənətkar bildirib.
Geri qayıt