
“Boyumla bağlı çox komplekslər yaşamışam. Amma mənə özgüvənlik verən ilk növbədə ailəm olub. Ailəmdən özümə qarşı mənfi bir şey görməmişəm. Dostlarım da həmçinin fərqliliyimi mənə hiss etdirməyiblər. İncəsənət sahəsində gələndən sonra bütün komplekslərim sıfıra düşdü. Bizim kimi insanların daha çox şeylərə qadir olduğunu sübut etmək istəyirəm”
Bunu Moderator.az-a açıqlamasında aktyor Pərviz Teymurov deyib. O daha sonra əlavə edib:
“Bəzən boyuma sataşmaq, gülüb-keçmək istəyənlər də olurdu. Bu məndə əsəb-stress yaşadırdı. Reaksiya bildirənlərə qarşı əsəbləşmişəm, dostlarım mənim üstümdə davalar ediblər. Döyməmişəm, amma sözümlə onları döyməkdən betər etmişəm. Allah mənə 1 metr 16 santimetr boy versə də hörmətim bəzi insanlardan çoxdur. İncəsənətdən əlavə biznes də qurmuşam. Qapı-pəncərə sexim var. İnsan həyatda özü-özünə edər. Pisi də, yaxşını da. Sən əgər özünü sevirsənsə biznesini də qura bilərsən” deyə aktyor bildirib.
Pərviz Teymurov bildirib ki, onun kimi spesifik aktyorlar cəmiyyətdə davranışlarına fikir verməlidirlər:
“Rayonlarımızda mənim kimi insanlar var ki, kənddən kənara çıxa bilmirlər. Özlərinə böyük kompleks edirlər. Onlara tövsiyyə edərdim ki, bu cür etməsinlər, cəmiyyət içərisinə çıxsınlar. Heç kimin heç kimdən artıq olmadığını bilsinlər. Çünki bu həyata biri uzun gəlib, biri gödək. Hamı eyni varlıqdır. Hər kəs öz həyatını yaşamalıdır. Mənim kimi insanlar var ki, efirlərdə özlərini aşağı səviyyədə aparırlar, onlara verilən hər ssenarini oynayırlar. Məqsədləri də məşhur olmaqdır. Bizim kimi insanlar göz önündə olan şəxslərdir. Özlərini düşük kimi aparırlar. Bütün günü tiktokda oturub danışırlar. İnsan özünə hörmət etməlidir” deyə aktyor bildirib.