Əsas Səhifə > Siyasət, Manşet > “Kia Motors Az” MMC-nin “Parabank” ASC ilə birgə törətdiyi maliyyə FIRILDAQLARI

“Kia Motors Az” MMC-nin “Parabank” ASC ilə birgə törətdiyi maliyyə FIRILDAQLARI


24-06-2015, 09:53
“Kia Motors Az” MMC-nin “Parabank” ASC ilə birgə törətdiyi maliyyə FIRILDAQLARI
DİA.AZ: - Son vaxtlar ölkədə baş verən çoxsaylı bank-maliyyə fırıldaqçılarının ifşa olunaraq həbs olunmaları ilə bağlı cinayət işləri hüquqmühafizə orqanlarında istintaq edilir. Bu qəbildən olan cinayət işləri kütləvi informasiya vasitələrində də aktual mövzulardan birinə çevrilmişdir.

DİA.AZ-ın poçtuna dövlətin maliyyə-bank siyasətinə ciddi zərbə vuran “Kia Motors-Az” MMC-nin rəhbəri Səxavət Səfərovun mütəşəkkil kriminal dəstənin başçısı olmaqla çirkli pulların yuyulması ilə məşğul olmasına birbaşa rəhbərlik etməsi, onun “Parabank” ASC-nin rəhbərləri ilə cinayət əlaqəsinə girib gizli yollarla əldə etdikləri milyonlarla külli miqdarda pul vəsaitlərini bankın “Nəsimi” filialının xəzinəsində gizlətməklə, onların vergi uçotundan gizlədilməsi, həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olmaları və bu yolla çirkli pulları leqallaşdırmaları ilə bağlı dövləti cinayətlər barədə məlumatlar verilmiş və bu ictimai təhlükəli məsələyə dövlət başçısı cənab İlham Əliyevin və aidiyyati dövlət qurumlarının diqqətini cəlb etməyi xahiş olunmuşdur.

“Kia Motors - Az” MMC-nin “Parabank” ASC ilə birgə dövlətə qarşı olan mütəşəkkil cinayətkar əməllərini bank-maliyyə fırıldaqçılarının cinayət işlərindən ən təhlükəlisi hesab edən şikayətçi Sumqayıt şəhər sakini Cəbrayılova Vəzihə Harun qızı bildirir ki, nəvəsi Ülvi Kazımov 2010-cu ilin sentyabr ayından 2012-ci ilin oktyabr ayınadək “Parabank” ASC-nin “Nəsimi” filialında xəzinədar vəzifəsində işləmişdir. “Parabank” ASC-nin “Nəsimi” filialında işə başladığı gündən filialın xəzinəsinin bunkerində banka məxsus qanuni pul vəsaitləri ilə yanaşı “Kia Motors-Az” MMC-nə məxsus heç bir yerdə rəsmi qeydə alınmayan, bankın mühasibat uçotuna daxil edilməyən, dövlətdən gizlədilmiş 35-40 milyon manat pul vəsaitləri gizli yolla saxlanılmışdır.

Vəzihə Cəbrayılova şikayət ərizəsində qeyd edir ki, nəvəm Ülvi Kazımova “Kia Motors Az” MMC-nin rəhbərliyi tərəfindən xərədarlıq edilmişdir ki, bankın xəzinəsinin bunkerində gizli saxlanılan 35-40 milyon manat pullar barədə heç kim bilməməlidir, həmin pullar heç yerdə qeydiyyatdan keçmir, MMC-nin rəsmi dövriyyəsinə daxil edilməyib, bunu vergi orqanları və Mərkəzi Bank bilməməlidir. Müxtəlif vaxtlarda “Kia Motors-Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun etibarlı şəxsi Fərhad Abbasov bankın xəzinəsinin bunkerinə daxil olaraq “Kia Motors-Az” MMC-yə məxsus gizli pullardan ona lazım olan pul məbləğini götürərək pul vəsaitinin üzərində sərəncam vermişdir...

“Nəsimi” filialının xəzinəsinin bunkerində gizlədilən “Kia Motors-Az” MMC-nə məxsus çirkli pulların rəsmi uçotunun aparılmadığını qeyd edən şikayətçi vaxtaşırı “Parabank” ASC-nin baş ofisindən “Nəsimi” filialına gələn audit yoxlamalarının dəfələrlə bankın xəzinəsinin bunkerində böyük korobkalara yığılmış “Kia Motors-Az” MMC-nin gizlətdiyi pul baratlarını aşkar etsələr də, bu barədə heç bir tədbir görmədiklərini, sənədləşdirmə aparmadıqlarını, audit yoxlamalarının nəticələri barədə Rəylərdə qeyd etmədiklərini, Mərkəzi Banka məlumat vermədiklərini, çirkli pulların filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquqmühafizə orqanlarına rəsmi məlumat vermədiklərini bildirmişdir. Şikayətçinin fikrincə, “Parabank” ASC-nin rəhbərliyi dövlətdən gizlədilmiş çirkli pulların realizə edilməsində “Kia Motors Az” MMC-nə birbaşa köməkçi olmuşdur.

Şikayətçi xatırladır ki, 2012-ci ilin yayında “Kia Motors-Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun etibarlı şəxsi Abbasov Fərhad Cəfər oğlu ilə onun rəhbəri Səxavət Səfərov arasında qara pulun əskikliyi ilə bağlı ciddi problemlər yaranmışdır: “Həmin puldan 1 milyona yaxın pul vəsaitini Fərhad Abbasov Səxavət Səfərovun xəbəri olmadan bankın xəzinəsinin bunkerindən götürərək xərcləmişdir. Bu barədə ölümündən qabaq Fərhad Abbasov şəxsən nəvəm Ülvi Kazımova bildirmişdir. 2012-ci ilin yayında Abbasov Fərhad Cəfər oğlunun bankın “Nəsimi” filialında ölməsi barədə xəbər yayılmışdır. Həmin vaxt nəvəm Azərbaycanda olmamışdır. Sonradan nəvəm gələndən sonra bizə məlum oldu ki, Fərhad Abbasov “Nəsimi” filialının binasının daxilində otaqların birində özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə özünü öldürmüşdür. Ölümündən bir neçə müddət əvvəl Abbasov Fərhad Cəfər oğlu nəvəm Ülvi Kazımova bildirmişdir ki, “Kia Motors-Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və onun oğulları onu öldürməklə hədələyir, 1 milyon pulu haradan olursa-olsun, tapıb yerinə qoymağı tələb edir, pulu tapmasa onu öldürülməsini sifariş edəcəyi barədə hədələr edir, mütəmadi şəkildə onun ləyaqətini alçaldır. Həmçinin Fərhad Abbasov bildirmişdir ki, Səxavət Səfərovun və onun uşaqlarının əlindən qurtarmaq üçün özünü öldürmək istəyir...”

Şikayətçi diaaz.space-a yazır ki, Abbasov Fərhad Cəfər oğlunun özünü öldürməsi də çox şübhəlidir: ”Şəxs özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyri-mümkündür. Bu məsələ hüquqmühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Fərhad Abbasovun ölümündən sonra “Kia Motors-Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və onun oğulları bankın filialının xəzinəsinin bunkerində qanunsuz saxlanılan 35-40 milyon manat çirkli pullardan 1 milyon manatının əskik olması ilə bağlı nəvəm Kazımov Ülvi Elçin oğlundan həmin pulu tələb etməyə başlamışdır. Bu barədə həmin vaxt nəvəm Ülvi Kazımov bizə məlumat verməyib. Sonradan mənə məlum oldu ki, “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və onun oğulları nəvəm Ülvi Kazımovu hədələyərək, ona barmağını kəsməyi tələb edərək və onu da Fərhad Abbasovun taleyi gözlədiyini bildirərək, pulu tapıb qaytarmağı qanunsuz olaraq tələb etmişlər. Mənim xəbərim olmadan nəvəm Ülvi Kazımov qardaşı Ehtiram Kazımovla birlikdə Səxavət Səfərovdan ehtiyat edərək bir neçə əmlak satıb ona 130 min manat pul ödəmişlər...”

Şikayətçi 2012-ci ildə “Parabank” ASC-nin “Nəsimi” filialında Abbasov Fərhad Cəfər oğlunun özünü öldürmə dərəcəsinə çartdırma faktı ilə bağlı başlanmış cinayət işinə Prokurorluq tərəfindən xitam edilməsinin əsassız olduğu qənaətindədir: “Abbasov Fərhad Cəfər oğlunun ölümündə birbaşa günahkar olan “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və onun oğulları Prokurorluq orqanlarında baş verən qanunsuzluqlar nəticəsində bu dəfə də cinayət məsuliyyətindən yaxa qurtara bilmişlər. Lakin nəvəm Ülvi Kazımovun mənə əminliklə bildirdiyi məlumata görə, Fərhad Abbasov şəxsən ona bildirmişdir ki, “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və onun oğulları onu öldürtməklə hədələyir və deyir ki, get özün-özünü öldür, canını qurtar!

2015-ci ilin may ayında Ülvi Kazımov Bakı Prokurorluğuna çağırılmış, şahid qismində dindirilərək “Parabank” ASC-nin “Nəsimi” filialında xəzinədar işlədiyi müddətdə guya “Kia Motors-Az” MMC-nin avtomobil satışından əldə olunan filialın xəzinəsində saxlanılan 689132,75 manat pulu filialın baş mühasibi Sevinc Mədətova ilə birlikdə mənimsədiyini boynuna götürməyə məcbur edilmiş və mənimsəmə cinayəti ilə qanunsuz həbs edilmişdir”.

Şikayətçi qəti olaraq əmindir ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi bu gün “Kia Motors Az” MMC-nin sifarişlərini yerinə yetirərək “Kia Motors-Az” MMC-nin qanunsuz hərəkətlərini ört-basdır etməklə, onun çirkli pulların yuyulması ilə bağlı cinayət əməllərini ifşa edib məsuliyyətə cəlb etmək əvəzinə, MMC-nin qanunsuz əməllərini qanunlaşdırmaqla məsuliyyəti özgəsinin üzərinə yönəltmək istəyir və şirkət rəhbərliyinin mənafeyini müdafiə etdiyindən, onların bu qanunsuz cinayət əməllərini ifşa etməkdə maraqlı deyildir.

Cəbrayılova Vəzihə dövlət əhəmiyyətli hesab etdiyi bu məsələnin ölkə başçısı tərəfindən xüsusi nəzarətə götürülməsini, Bakı şəhər Prokurorluğunda istintaq edilən 120046164 №-li cinayət işinin istintaq araşdırmasının Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılmasını məqsədəuyğun hesab edir.

Redaksiya olaraq, şikayətlə bağlı digər təfərrüatları da təqdim etməyə hazırıq.

Geri qayıt