Əsas Səhifə > Siyasət, Manşet > Qaradağdakı daş karxanalarında fəhlələr Allahın ümidinə buraxılıb

Qaradağdakı daş karxanalarında fəhlələr Allahın ümidinə buraxılıb


24-03-2015, 10:30
Qaradağdakı daş karxanalarında fəhlələr Allahın ümidinə buraxılıb
DİA.AZ: - “Bu gün Qaradağda daş karxanalarında çalışan fəhlələrin durumu həqqiqətən bərbaddır”. Bu sözlər DİA.AZ-a daxil olan müraciətdə yer alıb.

“Orada çalışanlar hər gün ölümlə üz-üzədirlər” – deyən fəhlələr müraciətlərində bildirirlər ki, amma buna baxmayaraq heç bir dövlət qurumu onların qeydinə qalmır: “Xüsusən Gülbaxt karxanasında durum kritikdir. Fəhlələri heç bir müdafiə vasitələri olmadan işlədirlər. Bizim işlədiyimiz karxananın böyüyü olan Cavanşir müəllim həm əmək və əhalinin sosial-müdafiəsi nazirliyinin işçilərini “razı salır”, həm də Qaradağın rəhbərliyini... İcra başçısını da, polisini də... Ona görə də fəhlənin halını düşünən yoxdur.

Təkcə bizim karxanada yox, hamısında vəziyyət belədir. Dəfələrlə olub ki, fəhlə ölümləri gizlədilib. Bu da bizim canımızın dəyərinin olmaması ilə bağlıdır”.

Son bahalaşmadan sonra onların da rəhbərliyinin ixtisar siyasəti yürütdüyünü deyən fəhlələrin diaaz.space-a daxil olan müraciətində daha sonra deyilir:

“Daş karxanalarında faciəvi şəkildə dünyasını dəyişən insanların ailələrinə heç bir yardım edilmir. Nəticədə insanlar daş karxanalarının qanunsuz fəaliyyətinin qurbanına çevrilirlər.

Ümumiyyətlə, daş karxanalarına dövlət qurumlar tərəfindən nəzarət yox səviyyəsindədir. Sözügedən müəssisələrin arxasında məmurlar dayandığından fəhlələr demək olar ki, sahibsiz buraxılıblar. Bu səbəbdən də daş karxanalarına nəzarət etmək mümkün deyil. Əmək müfəttişlərinin də həmin karxanalarda yoxlama aparmağa gücü yetmir. Ona görə də sözügedən müəssisələrdə özbaşınalıq hökm sürür.

Müəssisələrdə ölüm hallarına ən çox səbəb işçilərin təhlükəsizliyinin təmin olunmamasıdır. Xüsusi geyimlər var ki, fəhlələr ondan istifadə etməli olduqları halda istifadə etmirlər. Heç olmasa dəbilqəni də olsa geyinməlidirlər. Amma bizə dəbilqə belə vermirlər.

İndi də krizis olduğundan bizdə də ixtisar var. İxtisar olunanlara da rəhbərlik qəti tapşırıq verir: “Burda gördüklərinizi kimsəyə danışmayın”. Biz isə çox dəhçətli şeylərə şahidlik etmişik... Bunu da gələn dəfə sizə yazacağıq”...

diaaz.space olaraq qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq...

Geri qayıt