Əsas Səhifə > Siyasət, Manşet > Şamaxını idarə edən kimdir: Əsl komsomol, saxta cəbhəçi, çarəsiz ADSP-çi, yoxsa yalançı YAP-çı?

Şamaxını idarə edən kimdir: Əsl komsomol, saxta cəbhəçi, çarəsiz ADSP-çi, yoxsa yalançı YAP-çı?


24-04-2014, 10:36
Şamaxını idarə edən kimdir: Əsl komsomol, saxta cəbhəçi, çarəsiz ADSP-çi, yoxsa yalançı YAP-çı?
DİA.AZ: - Şamaxı rayon icra hakimiyyətində ikitirəlik yaranıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən rayondakı qaynaq iddia edir ki, əslində icra başçısı postunu tutan Asif Ağayev yox, onun birinci müavini olan Qasım Qasımov əsas yetkili şəxsdir və rayonu demək olar ki, bu adam idarə edir.

Qeyd edək ki, məlumatlı mənbə Qasım Qasımovla bağlı redaksiyamıza olduqca maraqlı faktları da təqdim edib. Belə ki, Şamaxı rayon icra hakimiyyətinin rəsmi internet ünvanında özünün tərcümeyi-halında keçmişindən yalnız kiçik bir hissəni təqdim edən Qasım Qasımovun burada da xüsusi maraq güddüyü iddia olunur.

Biz də Şamaxı icra hakimiyyətinin internet saytındakı həmin hissəni təqdim edirik: «Qasımov Qasım Nurməhəmməd oğlu - 1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. 1981-ci ildə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsi bitirmişdir, mühəndis-mexanikdir. 2011-ci ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildən RİHB-nın birinci müavini vəzifəsindədir. YAP-nın üzvüdür, dövlət qulluğunun müşaviridir. Evlidir, 3 övladı var».

Yəni bununla Qasım Qasımov özü barəsində məlumatların paylaşılmasını yetərli bilib. Oradan da aşkar surətdə görünür ki, Qasım Qasımov 2011-ci ilə qədər olan hissə ilə bağlı «müxtəlif vəzifələrdə çalışmışdı» izahatını verib.

DİA.AZ-a danışan Şamaxıdakı mənbə bildirir ki, əslində Qasım Qasımovun gizlətməyə çalışdığı keçmişi olduqca maraqlıdır. Mənbənin söyldikləri: «SSRİ vaxtında komsomolun katibi olub. Sonradan SSRİ-nin çöküşü zamanı Qasım Qasımov AXC iqtidarında özünə yer tutub və 2-ci katib vəzifəsinə qədər yüksəlib. Lakin bu zaman cəbhəçilər onu tam təsbit etdiklərindən onu sıralarından kənarlaşdırırlar. Və Qasım Qasımov Bakıya gələrək Demokratik Sahibkarlar Partiyasının quruculuğunda iştirak edir və orada yüksək vəzifə tutur. Bunun da bir faydalı iş olmadığını gördüyündən Qasım Qasımov nəhayətdə YAP-a üzv olur ki, bununla da vəzifə yüksəlişi yenidən başlayır».

Mənbə bildirir ki, əsl komsomol, saxta cəbhəçi, çarəsiz ADSP-çi, və yalançı YAP-çı kimi tanınan Qasım Qasımov əslində tərcümeyi-halının bu hissəsi ilə bağlı hər zaman susub: «Ona görə də bu gün böyük imtiyazlar sahibi olan Qasım Qasımov həmin keçmişi xatırladanları da sevmir».

İş onun hazırki durumuna gəlincə isə bu barədə danışan mənbə diaaz.space-a bildirib ki, vəzifəyə təyinat aldığı gündən özünə şəbəkə qurmağa başlayan Qasım Qasımov bu gün Asif Ağayevi rəsmən idarə edir: «Özünün bir yaxın qohumunu Şamaxının təhsil şöbəsinin müdiri postuna təyin etdirib. Bu da azmış kimi icra hakimiyyətlərində gender bərabərliyi siyasətinə uyğun olaraq bir qadın icra başçısı tələbi qoyulanda da Qasım Qasımovun maraqları üstünlük təşkil etdi və nəticədə digər bir xanım qohumunu Şamaxı RİH-ə müavin təyin etdirdi».

Mənbəmiz Qasım Qasımovun ARDNŞ-dəki himayədarları ilə bağlı da maraqlı məlumatlar verib ki, bu barədə də yaxın vaxtlarda böyük materialı diqqətinizə təqdim edəcəyik.

Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq….

Geri qayıt