63 saylı Sabirabad birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elçin Quliyev qanunla yasaq edilmiş dövrdə təbliğat-təşviqatla məşğuldur. Sabirabad rayonunda büdcə təşkilatlarının rəhbərləri olan yaxın qohumları vasitəsilə Elçin Quliyev sosial şəbəkələrdə təbliğata başlayıb. Büdcə təşkilatlarının rəhbərləri olan Quliyevin qohumları indidən sosial şəbəkələrdəki profillərində namizədin fotosunu qoyublar.
Eyni zamanda büdcə təşkilatının rəhbərləri tabeçiliklərində olan işçilərinə göstəriş verərək onlara da deyiblər ki, profillərinə Elçin Quliyevin fotosunu yerləşdirsinlər. Bütün sosial şəbəkələrdə artıq namizədin fotoları yerləşdirilib.
Qeyd edək ki, Elçin Quliyev Metralogiya, Standartlaşdırma və Patent üzrə Dövlət Agentliyində aparat rəhbəri işləyir. Qardaşı Zakir Quliyev Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətində sədr müavinidir. Digər qardaşı Namiq Quliyev isə Beynəlxalq Bankın Sumqayıt filalının rəhbəridir.